Müəllif:Mehin Qasımova,Banco.az
"Apple" iyul-sentyabr dövrü üçün maliyyə hesabatını açıqlayıb.
Banco.az xəbər verir ki, hesabata görə, bu dövrdə şirkətin xalis satışları illik müqayisədə 8 faiz artaraq 102,5 milyard dollara çatıb. Ötən ilin eyni dövründə Apple-ın xalis satışları 94,9 milyard dollar olub.
Həmin dövrdə şirkətin xalis mənfəəti 86 faiz artaraq 27,5 milyard dollara çatıb. "Apple" ötən ilin eyni dövründə 14,7 milyard dollar mənfəət əldə etmişdi.
Şirkətin bir səhm üzrə qazancı bu dövrdə 97 sentdən 1,85 dollara yüksəlib.
Bu dövrdə Apple-ın "iPhone" və "Mac" satışları artdı, "iPad" satışları isə demək olar ki, sabit qalıb.
İyul-sentyabr aylarında "iPhone" satışları illik müqayisədə 6 faiz artaraq 49 milyard dollara çatıb.
Eyni dövrdə "Mac" satışları 13 faiz artaraq 8,7 milyard dollar, "iPad" satışları isə 6,9 milyard dollar təşkil edib.
Apple CEO-su Tim Cook, şirkətin maliyyə nəticələrini qiymətləndirməsində, sözügedən rübdə rekord gəlir əldə edildiyini ifadə edib.