AZ

“Görüş “isti başlanğıc” kimi görünür, amma “daimi istilik” vəd etmir”

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“ABŞ Prezidenti Donald Tramp ilə Çin lideri Si Cinpin arasında baş tutan görüş əslində qlobal güc balansının yenidən formalaşmasının ilk siqnallarından biridir. Trampın hakimiyyətə qayıdışı Vaşinqtonun xarici siyasət kursuna fərqli dinamika gətirib və bu dinamika, xüsusən Çin istiqamətində daha praqmatik tonla müşahidə olunur. Əgər Bayden dövründə münasibətlərdə ideoloji soyuqluq və qarşılıqlı ittihamlar üstünlük təşkil edirdisə, Tramp açıq şəkildə ticarət və iqtisadi maraqları önə çəkir. Onun “fantastik münasibətlər” ifadəsi də daha çox kommersiya dəyərləri üzərində qurulacaq yeni mərhələnin anonsu kimi görünür”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Tural İsmayılov söyləyib.

T.İsmayılov əlavə edib ki, Çin tərəfi də ABŞ ilə münasibətlərin stabilləşməsində maraqlıdır: “Çünki Pekin üçün daxili iqtisadi sabitlik və ixrac bazarlarına çıxış həyati əhəmiyyət daşıyır. Si Cinpin üçün bu görüş həm də Qərbə qarşı təzyiqlərin azaldılması üçün diplomatik manevr imkanıdır. Lakin münasibətlərin “yumşalması” dedikdə, bu, strateji dostluq anlamına gəlmir. Əksinə, iki güc arasında dərin sistem rəqabəti qalır və bu rəqabət Asiya-Sakit okean bölgəsində özünü daha açıq göstərəcək. Trampın fərqli üslubu – sərt ritorika ilə yanaşı, iqtisadi realizmi önə çəkməsi – münasibətlərin müəyyən sahələrdə “praktik əməkdaşlıq” mərhələsinə keçməsinə səbəb ola bilər. Bu, xüsusilə ticarət balansı, texnologiya və enerji sahələrində mümkündür. Lakin Tayvan, Cənubi Çin dənizi və süni intellekt kimi strateji istiqamətlərdə Vaşinqton-Pekin qarşıdurması qalacaq. ABŞ üçün Çinlə münasibətlərdə əsas məqsəd hərbi deyil, iqtisadi təsir dairəsini qorumaqdır”.

Onun bildirdiyinə görə, bu mənada, görüş bir “isti başlanğıc” kimi görünür, amma “daimi istilik” vəd etmir: “Qısamüddətli dövrdə valyuta bazarlarında sabitlik və investisiya mühitində psixoloji rahatlama müşahidə oluna bilər. Lakin uzunmüddətli perspektivdə iki ölkənin qarşılıqlı etimad problemi qalacaq. Trampın siyasəti daha çox “müqavilə əsaslı diplomatiya”ya söykənir və bu, sabit münasibət deyil, dəyişkən razılaşmalar dövrünün başlanğıcıdır. Nəticə etibarilə, Tramp–Si Cinpin görüşü münasibətləri tam düzəltməyəcək, amma qlobal iqtisadi rəqabət mühitini müəyyən qədər yumşaldacaq. Bu da beynəlxalq bazarlarda müvəqqəti optimizm yaratsa da, strateji səviyyədə ABŞ və Çin hələ uzun illər “rəqib tərəfdaşlar” olaraq qalacaqlar”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
1
icma.az

2Mənbələr