“Kino Agentliyi (ARKA) yaradıldıqdan sonra müstəqil şirkətlərlə əməkdaşlıq daha da artıb, müsabiqələr keçirilməyə başlayıb. Bu müsabiqələrdə ilkin olaraq tammetrajlı filmlərə maliyyə ayrılsa da, şirkətlərin təcrübəsini nəzərə alaraq, dövlət büdcəsindən “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan filmlərə maliyyəsi ayrılmadı. Məsələn, sonuncu keçirilən müsabiqədə tammetrajlı bədii filmlər üçün 400 min manat vəsait nəzərdə tutulub”.
Bu sözləri “Yeni Sabah”a Bakı Beynəlxalq Film Festivalının direktoru, rejissor Fehruz Şamıyev deyib.
Onun sözlərinə görə, son illər Azərbaycan kinosunda qəribə bir dəyişkənlik baş verir və bu, daha çox yeni sistemə keçidlə bağlıdır: pizza
“ARKA yaranandan sonra istehsalçı və sifarişçi münasibətləri əvvəlki qaydada deyil. Uzun illər ərzində adını brendləşdirmiş “Azərbaycanfilm” kinostudiyasında istehsalın dayanması da baş verənlərə birbaşa təsir edir. Əvvəlki sistemdə dövlət studiyası tammetrajlı filmlərin istehsalında birbaşa iştirak edir, peşəkar kino xadimləri dövlət dəstəyi ilə burada filmlər yaradırdılar. Beynəlxalq festivallara çıxan filmlərin böyük bir hissəsi də bu studiyada istehsal olunmuş və ya onunla birgə çəkilmiş filmlər olurdu”.
Rejissor qeyd edib ki, son üç ildə istehsal prosesinin formatı dəyişib və bu dəyişiklik hələ tam oturuşmayıb:
“Bir neçə şirkəti çıxmaq şərti ilə özəl şirkətlərin kino dəyərlərinə cavab verən peşəkar tammetrajlı bədii film istehsalı hələlik tam şəkildə formalaşmayıb. Bu baxımdan da son illər peşəkar tələblərə cavab verən filmlərimiz demək olar ki, yoxdur. Amerika Kino Akademiyasının “Oscar” mükafatına göndərilən “Tağıyev” filmi isə son illər ərzində istehsal olunan tammetrajlı filmlər arasında ən layiqlisidir”.
Fehruz Şamıyev əlavə edib ki, əsas problem yeni tammetrajlı filmlərin sayının çox az olmasıdır:
“Ortada tammetrajlı yeni filmlər barmaqla sayılacaq qədərdir. Üstəlik, nəzərə almaq lazımdır ki, hər bir ölkədə “Oscar” komissiyası fəaliyyət göstərir və mükafata namizəd məhz həmin komissiya təsdiqləyir. Ola bilər ki, komissiyaya yalnız bir film təqdim olunub və onlar da həmin filmi Kino Akademiyasına göndəriblər. Bunu həmin komissiya üzvlərindən soruşmaq lazımdır. Komissiya Azərbaycan Kinematoqrafçılar İttifaqının tabeliyində fəaliyyət göstərir və ölkənin nüfuzlu, zövqlü kino xadimləri orada təmsil olunurlar. Düşünürəm ki, seçimlərlə bağlı məhz komissiya üzvləri ilə əlaqə yaratmaq lazımdır”.
Rejissor hesab edir ki, Azərbaycan kinosunun gələcəyi yeni nəsil rejissorların ilk işlərində – debüt tammetrajlı filmlərdədir:
“Azərbaycan kinosunun inkişaf strategiyasını şəxsən mən debüt tammetrajlı filmlərdə görürəm. Artıq ölkəmizdə ciddi və keyfiyyətli qısametrajlı bədii filmlər var. Bu istiqamətdə az büdcə ilə gözəl işlər ortaya qoyulub. İndi isə növbəti addım olaraq debüt tammetrajlı filmlərin istehsalına təkan verməliyik”.
Onun sözlərinə görə, Bakı Beynəlxalq Film Festivalı da məhz bu konsepsiyanı dəstəkləyir:
“Bu məqsədlə festivalın əsas müsabiqəsində debüt tammetrajlı bədii filmlərə yer verilib. Dünyanın onlarla ölkəsində istehsal olunmuş debüt filmləri burada bir araya gəlir. Təəssüf ki, yerli bədii filmləri festivalda görmək çox çətindir. Ötən il festivalda Azərbaycan istehsalı olan “Tənha insanın monoloqu” filmi “Ən yaxşı operator” mükafatına layiq görüldü. Təəssüf ki, bu il festivalda tammetrajlı debüt filmlər həddən artıq az təqdim olunub. Onların keyfiyyəti barədə danışmaq da çətindir, çünki az büdcə ilə tammetrajlı film istehsal etmək çox ağır məsələdir”.
Fehruz Şamıyev vurğulayıb ki, dövlətin bu istiqamətdə daha çox dəstək göstərməsi vacibdir:
“Düşünürəm ki, indiki məqamda tammetrajlı debüt film layihələrinin sayı artmalı, dövlət tərəfindən bu layihələrə daha çox diqqət göstərilməlidir. Milyonlar xərcləmədən tammetrajlı filmlərə dəstək vermək mümkündür. Bədii kinomuzun sabahı məhz bu layihələrdən asılıdır”.
Aydan Hacı
Telegram kanalımız