AZ

“Həyatın ikinci dili” tapıldı: Alimlər DNT-nin forması ilə kodlaşdırılan yeni sistem aşkar ediblər

ABŞ alimləri hesab edir ki, insan genomu təkcə hərflərlə deyil, həm də “forma dili” ilə danışır və bu, hüceyrə yaddaşının əsasını təşkil edə bilər...

Poliqon xəbər verir ki, ABŞ-ın Şimal-Qərb Universitetinin (Northwestern University) alimləri canlı orqanizmlərin genetik sisteminə dair inqilabi fərziyyə irəli sürüblər. Advanced Science jurnalında dərc olunan araşdırmada qeyd olunur ki, insan DNT-si iki dildə “danışa” bilər. Bunlardan biri klassik genetik kod (A, T, G, C nukleotidlərinin ardıcıllığı), digəri isə “geometrik dil”, yəni DNT-nin hüceyrə nüvəsində necə bükülməsi, qatlanması və yerləşməsi formasıdır.

Araşdırmaya rəhbərlik edən biotibbi mühəndislik üzrə professor Vadim Bakmanın komandasının sözlərinə görə, DNT zülallarla birlikdə “qablaşdırma domenləri” adlanan mürəkkəb üçölçülü strukturlar əmələ gətirir. Bu mikroskopik memarlıq formaları hüceyrənin “yaddaş daşıyıcıları” kimi fəaliyyət göstərir. Yəni, hüceyrəyə hansı növə aid olduğunu “xatırladır”: dəri, beyin, yaxud qaraciyər hüceyrəsi olmasından asılı olmayaraq, hamısında genetik kod eynidir, lakin DNT-nin forması hansı genlərin aktiv olacağını müəyyən edir.

Alimlər bu prosesi kompüterin iş prinsipi ilə müqayisə edirlər: DNT-nin ardıcıllığı aparat hissəsi, onun qatlanma forması isə proqram təminatıdır. Məhz bu “proqram” hansı genlərin işləyəcəyini və hansının “yatmış” vəziyyətdə qalacağını idarə edir. Formadakı cüzi dəyişiklik hüceyrənin funksiyasını dəyişdirə, hətta “yaddaşını itirməsinə” səbəb ola bilər.

Tədqiqatçılar hesab edirlər ki, bu “forma dili” təkamülün bəzəyi deyil, onun əsas mərhələlərindən biri ola bilər. Qədim orqanizmlər genlərin özündən çox, onların məkan təşkilini idarə etməyi öyrəndikdə, çoxhüceyrəli mürəkkəb canlıların yaranmasına yol açılıb. Beləcə, təbiət yeni genlər əlavə etmədən, mövcud kodu fərqli “oxumağı” bacarıb.

Alimlər qeyd edirlər ki, yaşlandıqca və ya xəstəliklərin təsiri altında bu struktur tədricən pozulur. DNT-nin “qablaşdırılması” nizamsızlaşır, nəticədə hüceyrələr hansı genlərin aktivləşməli olduğunu “unutmağa” başlayır. Məhz bu proses qocalma və xərçəng kimi xəstəliklərin əsas səbəblərindən biri ola bilər.

Tədqiqatçılar bu fenomeni “həyatın ikinci dili” adlandırırlar. Gözlə görünməyən, amma formalar və bükülmələr vasitəsilə həyatın özünü müəyyən edən dil. Alimlər inanırlar ki, əgər gələcəkdə insanlıq bu dili DNT kimi “oxumağı və redaktə etməyi” öyrənsə, biotibbdə yeni bir dövr başlanacaq. Hüceyrə yaddaşının idarə olunması, qocalmanın dayandırılması və neyrodegenerativ xəstəliklərin müalicəsi istiqamətində inqilabi sıçrayışa səbəb olacaq.

Poliqon.info

Seçilən
23
poliqon.info

1Mənbələr