Əkrəm Həsənov: “İstehlak potensialı yüksəkdir, hamı hər şeyi istəyir, ancaq...”
Son zamanlar Azərbaycanda problemli kreditlərin həcmi nəzərəçarpacaq dərəcədə artıb. Bu, həm bank, həm də qeyri-bank kredit təşkilatlarının portfellərinə birbaşa təsir göstərir. Rəsmi məlumatlara əsasən, Azərbaycanda istehlak kreditlərinin həcmi son bir ildə artıb.
Bu barədə Mərkəzi Bankın bülletenində məlumat yer alır. 2025-ci il oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 528.1 milyon manat təşkil edib. Bu göstərici cari ilin əvvəli ilə müqayisədə 17.6 faiz və ya 79 milyon manat çoxdur. Ölkədə problemli kreditlərin məbləği son bir ildə isə 10 faiz və ya 48.1 milyon manat artıb. Qeyd edildiyi kimi, artım daha çox istehlak kreditlərində müşahidə olunur. Bəllidir ki, Azərbaycanda istehlak kreditləri əhalinin müxtəlif ehtiyaclarını qarşılamaq üçün mühüm maliyyə vasitəsi kimi istifadə olunur.
“Qiymət artdıqda insanlar maaşını daha çox xərcləyir, kredit ödəməyə pul qalmır. O baxımdan...”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə şərhində deyib ki, işsizlik, gəlirlərin aşağı düşməsi səbəbindən problemli kreditlərin həcmini artır: “Kreditlərin faizləri də çox yüksəkdir. Bu səbəbdən də insanlar onu ödəməkdə çətinlik çəkirlər. Ölkədə nominal gəlirlər belə azalıb. Bu səbəbdən də problemli kredit artır. İnsanların gəlirləri azaldığı üçün borclarını ödəyə bilmirlər. Get-gedə problemli kreditlərin həcmi daha da artacaq. Gəlirlər az, qiymətlər isə yüksəkdir. Qiymət artdıqda insanlar maaşını daha çox xərcləyir. Kredit ödəməyə pul qalmır. O baxımdan problemli kreditlərin qarşısını almağın ən yaxşı yolu iqtisadi inkişafa nail olmaqdır. Yəni insanların gəlirləri qiymətlərdən daha sürətlə artmalıdır. Bunun qarşısını almağın bir neçə yolu var. Birincisi kredit şərtlərinin ağırlaşdırılmasıdır. Şərtlər ağırlaşdırılsa, kredit götürənlərin sayı azalacaq. Ancaq bu da iqtisadi aktivliyin aşağı düşməsinə səbəb olacaq. Ondansa insanların iqtisadi vəziyyətinin yüksəldilməsi daha məqsədəuyğundur. Qazancları, gəlirləri artdıqca insanlar da vaxtlı-vaxtında borclarını ödəyə biləcəklər".
Həmsöhbətimiz onu da əlavə etdi ki, insanlar gəlir və xərclərini ölçüb-biçməkdə çətinlik çəkir. İstehlak potensialı yüksəkdir, hamı hər şeyi istəyir: “Problem ondadır ki, həmin şəxs gəlirindən, maaşından məhrum olduqda, işsiz qaldıqda krediti qaytara bilmir. Bu da sosial vəziyyətə, psixoloji sağlamlığa ciddi ziyan vurur. Həmçinin banklar üçün də risq yaradır. Belə vəziyyətlərin qarşısını almaq üçün maarifləndirmə gücləndirilməlidir”.
Günel CƏLİLOVA
 
                        