AZ

İşsizlərə də dəfn pulu veriləcək? – Komitə sədrindən AÇIQLAMA

Azərbaycanda vəfat edən şəxslərin yaxınlarına dəfn üçün müəyyən məbləğdə müavinət ödənilir. Lakin bu yardım bütün vətəndaşlara şamil olunmur. Qanunvericiliyə əsasən, dəfn müavinəti yalnız sığortaolunan, əmək pensiyası və ya sosial müavinət alan şəxslərin, həmçinin işsizlikdən sığorta ödənişi alanların vəfatı halında verilir.

Hazırda ölkədə bu məqsədlə ayrılan vəsaitin məbləği 600 manat təşkil edir. Təqaüdçülərin dəfni zamanı isə ödəniləcək məbləğ onların aldığı minimum pensiyanın məbləğindən asılı olur. Belə ki, hazırda minimum pensiya 320 manatdır və təqaüdçü vəfat etdikdə, dəfn işlərini üzərinə götürən şəxsə bu məbləğin üç misli - 960 manat ödənilir.

Məlumdur ki, dəfn prosesi, qəbir yeri, məzar daşı və yas mərasimi ailələr üçün əlavə xərclər yaradır. Bu səbəbdən verilən müavinət bu xərclərin yalnız bir hissəsini qarşılaya bilir. Qeyd edildiyi kimi, dəfn üçün yardım yalnız işləyən şəxslərə və pensiyaçılara şamil olunur.

Milli Məclisdə dəfələrlə işləməyən vətəndaşların yaxınlarına da dəfn pulu verilməsi təklif olunsa da, bu məsələ hələ də qanunvericilik səviyyəsində təsdiqlənməyib. Gələn ilin büdcə layihəsinin müzakirəsi ərəfəsində bu məsələnin gündəmə gələcəyi gözlənilir.

Day.Az xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa "Bizim.Media"ya açıqlamasında bildirib ki, işsiz və işləyən şəxslər arasında bu məsələdə ciddi fərq qoymaq düzgün deyil:

"İşsizliyin səbəbləri çoxdur və bu, hər zaman vətəndaşın öz günahı ilə bağlı olmur. Hər kəs çalışmaq, qazanc əldə edib gündəlik ehtiyaclarını ödəmək istəyir. Belə bir şəraitdə insanların dəfn məsələsində fərqləndirilməsi ədalətli olmaz. Dəfn məsələsində bütün vətəndaşlar bərabər hüquqa malik olmalıdır".

Deputat əlavə edib ki, dəfn olunan şəxsin bütün maddi yükü onun ailəsinin üzərinə düşür:

"Bəzən maddi çətinliklər ailəyə ən sadə insani borcu yerinə yetirməyə imkan vermir. Buna görə də işsiz və işləyən vətəndaşlara eyni məbləğdə dəfn pulu verilməsi cəmiyyət üçün sosial ədalət baxımından vacib və humanist addım olardı".

Seçilən
16
day.az

1Mənbələr