Büdcə rəqəmləri arxasında siyasi mübarizə
“Qoca qitə” siyasətinin mərkəzində Avropa İttifaqının gələcək idarəçilik modelini müəyyən edəcək qarşıdurma yaşanır. Avropa Parlamentinin siyasi spektrini təmsil edən dörd aparıcı qrup – mərkəz-sağ Avropa Xalq Partiyası (EPP), mərkəz-sol Sosialistlər və Demokratlar (S&D), liberal Yenilənən Avropa (Renew Europe) və Yaşıllar – Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenə qarşı vahid cəbhə formalaşdırıb. Onlar ittifaqın növbəti yeddiillik büdcə planında əsaslı dəyişikliklər edilməsini tələb edən qəti mövqe nümayiş etdirirlər.
Bu, sadəcə növbəti büdcə müzakirəsi sayılmaz, həm də təxminən 1,8 trilyon avroluq nəhəng maliyyə portfelinin taleyi üzərindən gedən dərin mübahisədir. Parlamentin tələbləri yerinə yetirilməyəcəyi təqdirdə 2028–2034-cü illər üçün nəzərdə tutulan büdcənin ən mühüm hissəsini rədd etmək hədəsi Brüsseldəki güc balansını kökündən dəyişə biləcək ciddi siyasi addımdır.
Siyasi qarşıdurmanın mərkəzində Avropa Komissiyasının iyul ayında təqdim etdiyi və "milli planlar" adlandırdığı, lakin özündə dərin idarəçilik transformasiyasını ehtiva edən təklif dayanır. Komissiyanın irəli sürdüyü modelə əsasən, fermerlər, regionlar üçün nəzərdə tutulan və ümumi Aİ büdcəsinin təxminən yarısını təşkil edən yüzlərlə milyard avroluq vəsaitlər, artıq birbaşa regionlara və ya xüsusi proqramlara yönəldilməyəcək. Əvəzində, pullar birgə fondlara toplanaraq Aİ-yə üzv 27 ölkənin mərkəzi hökumətləri tərəfindən idarə olunacaq. Komissiya iddia edir ki, təklif olunan model hökumətlərə Aİ vəsaitlərini milli ehtiyaclarına, prioritetlərinə uyğun şəkildə xərcləməyə daha çox çeviklik verəcək və ayrılan maliyyə vəsaitləri ilə aparılması tələb olunan iqtisadi islahatlar arasında daha güclü, daha şəffaf əlaqə formalaşdıracaq.
Lakin Avroparlamentin dörd aparıcı qrupu bu təklifin arxasında tamamilə fərqli və təhlükəli tendensiya görür. Səlahiyyətlərin Brüsseldən və regionlardan alınaraq milli paytaxtlara, yəni mərkəzi hökumətlərə ötürülməsi. Deputatların qənaətinə görə, plan Aİ-nin onilliklər boyu formalaşmış təməl prinsiplərindən birinə – subsidiarlıq prinsipinə (səlahiyyətlərin mümkün qədər vətəndaşa ən yaxın səviyyədə həll edilməsi) və regionalizmə ağır zərbə vurur.
Hələ yekunlaşdırılmaqda olan layihədə narahatlıq kəskin dillə ifadə olunur: “Hazırkı (milli planlar) təklif bizim əsas tələblərimizi nəzərə almadığı üçün danışıqlar üçün baza kimi qəbul edilə bilməz. Biz Avropa Komissiyasının təklifinə ediləcək dəyişikliklərdə əsas tələblərimizin mənalı şəkildə əksini tapacağına və bunun Avropa Parlamenti ilə danışıqların irəliləməsinə imkan yaradacağına ümid edirik”. Bu, diplomatik dildə səslənən, əslində, dərin etimadsızlığı və kompromisə yer qalmadığını göstərən bəyanatdır. Məktubun məqsədi bir neçə həftədir faktiki olaraq, dalana dirənmiş danışıqlardan sonra Avropa Komissiyasına güzəştlərə getməsi üçün təzyiqi son həddə çatdırmaqdır. Əgər 12 noyabr tarixinə qədər razılaşma əldə olunmasa, dörd siyasi qrup həmin gün keçiriləcək plenar iclasda büdcənin “milli planlar” bölməsinin tamamilə rədd edilməsi barədə qətnamə təqdim etmək niyyətindədir.
Qarşıdurmanın kökləri daha dərinə gedir. Siyasi qrupların ən mühüm tələblərindən biri Komissiyanın kənd yerlərinin inkişafı və Aİ-nin bütün regionları üçün ayrıca hədəflənmiş maliyyə vəsaiti ayırmasıdır. Bu, hazırkı büdcə təklifində nəzərdə tutulmayıb və bütün vəsaitlərin vahid "milli zərf"ə yığılması prinsipinə ziddir. Bundan əlavə, Avropa Parlamentinin üzvləri Komissiyanın təklif etdiyi “islahatlar qarşılığında maliyyə” modelinin yenidən köklü şəkildə nəzərdən keçirilməsini tələb edirlər. Onların fikrincə, bu model Aİ vəsaitlərinin necə xərclənməsi ilə bağlı qərarvermə prosesini qeyri-şəffaf edir və Avropa Parlamentini – Avropa vətəndaşlarının yeganə birbaşa seçdiyi orqanı prosesdən kənarda qoyaraq “daxili demokratik defisit” yaradır. Parlament yeddiillik dövr ərzində Aİ-nin ictimai vəsaitlərinin necə bölüşdürüləcəyinə dair qərarvermə və sonrakı nəzarət səlahiyyətlərinin əhəmiyyətli dərəcədə artırılmasını istəyir.
Bu ay siyasi qruplar artıq Aİ-nin uzunmüddətli büdcəsinin, yəni Çoxillik Maliyyə Çərçivəsinin (MFF) arxitekturası barədə geniş müzakirəni 12 noyabrda keçiriləcək plenar iclasın gündəliyinə daxil etmək barədə razılığa gəliblər. Həmin tarix həm də Parlament və Komissiya üçün “milli planlar”la bağlı prinsipial dəyişikliklər barədə razılığa gəlmək üçün qeyri-rəsmi son tarix hesab olunur. Sosialistlər və liberallar artıq Aİ büdcə təklifini rədd etməyə hazır olduqlarını açıq şəkildə bəyan etmişdilər. Lakin bu cəbhədə həlledici addım Ursula Fon der Lyayenin özünün mənsub olduğu Avropa Xalq Partiyasının (EPP) da bu mövqeyə qoşulması oldu. Partiya hələlik rəsmi şəkildə mövqeni təsdiqləməsə də EPP-nin bir çox nüfuzlu deputatları son həftələrdə büdcə layihəsinə qarşı kəskin çıxışlar edərə, regionların hüquqlarının qorunmasının partiyanın "qırmızı xətti" olduğunu bildiriblər. Bu, vəziyyəti Fon der Lyayen üçün xüsusilə çətinləşdirir, çünki o, artıq öz siyasi ailəsinin də tam dəstəyinə arxalana bilmir.
Parlamentdə proses cərəyan edərkən pərdə arxasında Aİ-yə üzv dövlətlər də Komissiyanın büdcə təklifi üzərində öz çətin və mürəkkəb müzakirələrini aparırlar. Bu danışıqların 2027-ci ilin əvvəlinə qədər davam edəcəyi gözlənilir. Daha sonra Parlament milli paytaxtlarla birlikdə yekun xərcləmə planını müzakirə edəcək və 2028-ci ildə qüvvəyə minməsi nəzərdə tutulan büdcə üzərində son səsverməni aparacaq. Lakin Parlamentin indidən bu qədər sərt mövqe tutması bütün prosesi iflic etmək potensialına malikdir. Əgər Parlament Komissiyanı geri çəkilməyə məcbur edə bilsə, proses onun Aİ-nin idarəçiliyindəki rolunu və nüfuzunu əhəmiyyətli dərəcədə gücləndirəcək. Yox, əgər Komissiya və üzv dövlətlər Parlamentin iradəsinə qarşı gedərək bildiklərini etməyə çalışsalar, Avropa İttifaqı tarixində dərin institusional böhranlardan biri ilə üzləşə bilər.
Büdcə müharibəsi, sadəcə rəqəmlər və paraqraflar haqqında deyil. Bu, Avropa İttifaqının gələcək inkişaf modelinin necə olacağı barədə mühüm suala cavab axtarışıdır.
Sultan ZAHİDOV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi
Ondan başlayaq ki, bu ilin iyul ayında Avropa İttifaqı Komissiyası 2028-2034-cü illər üçün ittifaqın yeni büdcə layihəsi təklifini irəli sürdü və bu çoxillik maliyyə çərçivəsi adlanır. Hazırkı büdcə 2027-ci ildə bitəcək və bundan sonra növbəti 7 illik büdcə layihəsi artıq işlək olmalıdır və onun təklifi Komissiya tərəfindən Aİ-də edildi və hazırda bu təklif ətrafında Avropa İttifaqında ciddi müzakirələr getməkdədir.
Yeni büdcə layihəsi təklifinin əsas elementləri nədən ibarətdir? Birincisi, bu layihə Aİ-nin gəlirliyini artırmaq məqsədi güdür və yeni gəlir mexanizmləri, o cümlədən karbon gəliri, eyni zamanda, böyük şirkətlərdən, plastik məhsullardan vergilərin artırılması, karbondan vergilərin tutulması kimi təkliflər irəli sürür. İkincisi, layihədə milli planlar bölməsi var ki, bu proqrama görə artıq Aİ əvvəlki kimi üzv ölkələrin regionlarına spesifik proqramlar fəsiləsində birbaşa maliyyə ayırmayacaq. Onun yerinə maliyyə vəsaitləri milli zərflər formasında üzv ölkələrin hökumətləri tərəfindən idarə olunacaq fondlara ayrılacaq. Eyni zamanda, burada islahatlar qarşılığında maliyyə adlanan bir bölmə də var ki, buna əsasən Aİ ilə üzv ölkələrə ayrılan maliyyə həmin ölkələrin həyata keçirdiyi islahatlar qarşısında veriləcəkdir.
Dörd qrupun istəkləri nədən ibarətdir? İlk növbədə onlar gəlirlik məsələsinə skeptik yanaşır, düşünürlər ki, yeni büdcə layihəsində təklif olunan gəlir mexanizmləri effektiv olmayacaq və əslində, inflyasiyanı nəzərə alsaq, bu, Aİ-nin 2028-2034-cü il ərəfəsində iqtisadi gəlir cəhətdən böyüməsinə bir o qədər töhfə verməyəcək. Bu məsələdə narazılıq var. İkinci narazılıq mənbəyi büdcə layihəsində nəzərdə tutulan Milli Planlar hissəsidir ki, bu planlara görə nəzərdə tutulmuş 1,8 trilyon avroluq büdcənin təxminən yarısı əvvəlki kimi regionlara və fermerlərə birbaşa deyil, hökumətlərin nəzarəti altında olan fondlara ayrılacaq.
Yeni qaydaya görə artıq regionlara ayrılmış maliyyə vəsaitləri də hökumətlərin nəzarətində olacaq ki, bu da regionların hökumətdən asılılığını daha da artırmış olacaq. Bu zaman Aİ-nin təməli federalizm prinsipinə ziddiyyət təşkil edəcək.
Bu dörd qrupdan ikisi – solçular və liberallar – ümumiyyətlə, yeni büdcə layihəsinə qarşıdır. Digər ikisi isə yeni büdcə layihəsinin tərkibinə daxil olan milli planlar ideyasına qarşı çıxdığından, noyabrın 12-də bununla bağlı qətnamə rəli sürəcəklərini bildiriblər. Əgər komissiya ilə dörd qrup nümayəndələri arasında razılıq olmasa, o zaman dörd qrupun nümayəndələri Aİ-nin yeni büdcə layihəsini müzakirəyə çıxaracaq. O zaman milli planların ləğv olunmasını tələb edən qətnamə layihəsini irəli sürəcəklər ki, belə olan halda – nəzərə alsaq ki, Avropa Xalq Partiyasının Avropa Parlamentində səsləri çoxdur – qətnamə layihəsi qəbul edilə və milli planlar bölməsi büdcədən çıxarıla bilər.
Yusif ŞƏRİFZADƏ
XQ
 
                        