Gəncə Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Asim Abdullayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
 Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib.
 Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü cəza təyin edilməsi hissəsində dəyişdirilib. Təqsirləndirilən şəxsin 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasının həddi azaldılaraq 5 ilə endirilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
  
İttihama görə, hadisə 2023-cü il avqustun 23-də saat 21 radələrində Bərdə rayonunun Yeni Əyricə kəndi ərazisində baş verib.
 Belə ki, həmin kənd sakini A.Abdullayevin sərxoş halda idarə etdiyi “VAZ-2106” markalı maşınla və rayonun Nəcəfqulubəyli kənd sakini Q.Məhərrəmovun idarə etdiyi “QAZel” markalı avtomobil toqquşub. Nəticədə A.Abdullayevin sərnişini, həmkəndlisi Qadil Alxasov hadisə yerində ölüb.
 Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və dərhal məhkəmə iclas zalında həbs olunmuşdu.
 Qeyd: A.Abdullayevlə Q.Alxasov iş yoldaşı olublar.
Kamal Məmmədov
