AZ

Azərbaycan və Özbəkistanın çoxşaxəli əməkdaşlıq modeli

Bakı–Daşkənd əlaqələri ən yüksək səviyyəyə yüksəldilir

2025-ci ilin son rübü hər iki ölkə üçün strateji həlledici məqamdır. Bu dönəmdə regionun enerjili geosiyasi və iqtisadi mühiti, həmçinin yeni nəsil nəqliyyat və infrastruktur logistikaları çərçivəsində formalaşan əlaqələr ön plandadır. Belə bir fonda, Ceyhun Bayramovun oktyabrın 30-da Səmərqəndə işgüzar səfəri və həmkarı Baxtiyor Saidovla görüşü müstəsna əhəmiyyət daşıyır.

Nazirlərin görüşündə vurğulanan əsas məsələ Azərbaycan və Özbəkistan arasında strateji müttəfiqlik səviyyəsində əlaqələrin dinamik inkişafı olub. Gündəlikdə iqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat, energetika, mədəniyyət və humanitar sahələr yer alıb ki, bu da çoxşaxəli əməkdaşlıq perspektivini nümayiş etdirir. Həmçinin beynəlxalq və regional təşkilatlar çərçivəsində birgə fəaliyyətə dair razılaşmalar gündəmdə olub; Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı kimi platformalarda qarşılıqlı dəstək və koordinasiya vurğulanıb. Bütün bu amillər onu göstərir ki, Azərbaycan – Özbəkistan münasibətləri real siyasi və iqtisadi məzmun qazanır.

Cənubi Qafqaz və Mərkəzi Asiya qovşağında əməkdaşlıq dinamikası son illər ciddi şəkildə dəyişir. Azərbaycan üçün logistik keçidlər, nəqliyyat şəbəkələri və regional enerji layihələri birinci dərəcəli hədəflərdir. Özbəkistan üçün isə rəsmi Bakı ilə əlaqələr Türk dünyası çərçivəsində mövqelərini möhkəmləndirmək, iqtisadi investisiyaları artırmaq və mədəni-tarixi əlaqələri canlandırmaq baxımından strateji əhəmiyyət daşıyır.

Azərbaycan üçün Orta Dəhliz təşəbbüsü – Bakı–Tbilisi–Qars xətti, Mərkəzi Asiyaya keçid və Avropa istiqamətində tranzit əlaqələrinin möhkəmləndirilməsi baxımından prioritetdir. Özbəkistanla nəqliyyat sahəsində əməkdaşlıq həm iqtisadi, həm də strateji əhəmiyyət daşıyır. Bu baxımdan görüşdə nəqliyyatın əsas mövzulardan biri kimi qeyd olunması təsadüfi deyil.

Energetika və mədəni-humanitar əməkdaşlıq da gündəliyin önəmli istiqamətləri olub. Azərbaycan üçün enerji marşrutlarının şaxələndirilməsi, Özbəkistan üçün isə ortaq mədəni və tarixi dəyərlərin diplomatik kapitala çevrilməsi mühüm əhəmiyyət kəsb edir. Bu, həm iki ölkə arasında qarşılıqlı etimadı gücləndirir, həm də türk dünyasının inteqrasiya proseslərinə yeni dinamika gətirir.

Bu il Azərbaycan–Özbəkistan diplomatik münasibətlərinin 30 illiyi qeyd edilib. Bu, iki ölkə arasında əlaqələrin daha sistemli və institusional müstəviyə keçidini göstərir. Azərbaycan və Özbəkistan münasibətləri heç vaxt yalnız bugünkü geosiyasi maraqlarla izah olunmayıb. Bu bağların kökü ortaq türk kimliyinə, dil və mədəniyyətinə, həm də əsrlər boyu davam edən mübarizə və birgə yaddaşa dayanır. Hər iki xalq Türküstanın və qədim İpək yolunun ortaq irsini daşıyır. Nizami Gəncəvi ilə Əlişir Nəvai, Füzuli ilə Bədrəddin Hilal, Mirzə Uluqbəy və Şah İsmayıl Xətai kimi şəxsiyyətlər bu mənəvi birliyin mədəni simvollarıdır. Tarixi yaddaş bu günün siyasətindən çox-çox dərin köklərlə iki xalqı birləşdirir.

Azərbaycanla Özbəkistan arasında müasir əməkdaşlığın hüquqi əsaslarını 2024-cü il avqustun 23-də Daşkənddə imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” möhkəmləndirdi. Həmin sənəd iki ölkə arasında münasibətləri tərəfdaşlıqdan strateji müttəfiqlik səviyyəsinə yüksəltdi. Müqavilə siyasi, iqtisadi, müdafiə, təhlükəsizlik, humanitar və mədəni istiqamətləri əhatə edir. Bəli, bu, real ittifaq modelidir.

Azərbaycanın azad edilmiş ərazilərində aparılan bərpa işlərinə Özbəkistanın qatılması onun qardaşlıq münasibətlərinə sadiqliyinin parlaq göstəricisidir. Füzuli şəhərində Özbəkistan tərəfindən inşa edilmiş müasir məktəb kompleksi siyasi həmrəyliyin rəmzidir. Prezident Şavkat Mirziyoyevin Prezident İlham Əliyevlə keçirdiyi görüşlərdə Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu qətiyyətlə bildirməsi liderlər arasında sarsılmaz birliyin və mükəmməl əlaqələrin göstəricisidir.

İyulun 1-də Daşkənddə keçirilən “Yeni üfüqlərə doğru: Dialoqdan birgə fəaliyyətə” adlı Birinci Azərbaycan–Özbəkistan Parlamentlərarası Forumu əlaqələrin yeni mərhələsini formalaşdırdı. Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə baş tutan Forumda qəbul edilən qərarlar göstərdi ki, artıq əməkdaşlıq hökumətlərarası mexanizmlərlə məhdudlaşmır. İndi turizm, kənd təsərrüfatı, təhsil, mədəniyyət və texnologiyalar sahəsində konkret layihələr reallaşma mərhələsindədir.

Azərbaycan və Özbəkistan təkcə ikitərəfli müstəvidə deyil, həm də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində strateji həmrəyliyin aparıcı sütunları kimi çıxış edirlər. Özbəkistanın təşkilata tamhüquqlu üzv olması ilə Türk dünyasında inteqrasiya prosesi yeni nəfəs aldı. Bakı və Daşkənd TDT-nin nəqliyyat, energetika və mədəni əlaqələrinin genişləndirilməsində fəal rol oynayır. Xüsusilə Orta Dəhliz layihəsinin inkişafı, Mərkəzi Asiyadan Avropaya qədər uzanan yeni iqtisadi arteriyanın formalaşmasına imkan yaradır.

Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında qarşılıqlı etimada söykənən münasibətlər dövlətlərarası əməkdaşlığa xüsusi sinergiya qazandırır. Bu münasibətlər həm siyasi qərarlarda, həm də ictimai proseslərdə özünü göstərir.

İki ölkə arasında əlaqələrin möhtəşəm nümunəsi kimi iyulun 2-də Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Bakıda səfirliyin yeni binasının açılmasını qeyd etmək olar. Sözsüz ki, müasir tələblərə cavab verən yeni kompleks iki ölkə arasında çoxvektorlu strateji tərəfdaşlıq münasibətlərinin və müttəfiqliyin gələcək inkişafına müsbət impulslar qazandıracaq.

Azərbaycan–Özbəkistan münasibətləri bu gün konkret iqtisadi, siyasi və mənəvi təməllərə əsaslanan çoxşaxəli əməkdaşlıq sistemidir. Tarixi köklər, ortaq türk kimliyi, liderlərin uzaqgörənliyi və xalqların bir-birinə qarşılıqlı sevgisi bu modelin sütunlarını təşkil edir. Bu, Türk dünyasının gələcəyinə yönəlmiş strateji mesajdır.

Tacir SADIQOV
XQ

Seçilən
21
xalqqazeti.az

1Mənbələr