Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov açıqlamasında bildirib ki, su sahəsində diferensial qiymət mexanizminin tətbiqi müsbət nəticə verə bilər. Hazırda bu istiqamətdə təhlillər aparılır, lakin konkret qərar hələ qəbul edilməyib.
E-saglam.az xəbər verir ki, deputat qeyd edib ki, qaz və elektrik enerjisi üzrə sabit tarif mexanizmi artıq qüvvədədir və su üçün də oxşar sistemin tətbiqi gündəmdədir. Onun sözlərinə görə, Azərbaycanın su ehtiyatları məhduddur və bu sərvətdən səmərəli istifadə vacibdir.
Muradov bildirib ki, su sərfiyyatına görə limit sistemi müəyyənləşdirilməlidir:
“Az su istifadə edən az, çox istifadə edən isə daha çox ödəməlidir. Bu, sosial ədaləti təmin edəcək. Həyət evlərində və bağlarda su sərfiyyatı daha çox olur, buna görə də bu kateqoriyada daha yüksək tariflər tətbiq oluna bilər".
Deputat əlavə edib ki, diferensial tariflər insanların və sahibkarların sudan daha məsuliyyətli istifadə etməsinə səbəb olacaq:
“Limitlərin ləğvinin tərəfdarı deyiləm. Bu sistem təbii sərvətlərdən düzgün istifadəyə şərait yaradır".
Onun sözlərinə görə, minimal tarif – 1 kubmetr su üçün 70 qəpik qalmaqla, yuxarı limitlərdə cüzi artım mümkündür. Layihə üzərində işlər aparılır və gələn il bu sistemin tətbiqi gündəmə gələ bilər.
Muradov həmçinin vurğulayıb ki, içməli suyun bağ və qazonların sulanması üçün istifadəsi yolverilməzdir, çünki bu suyun təmizlənməsi və paylanması dövlət üçün böyük xərc tələb edir.
Deputat sonda bildirib ki, tariflərlə bağlı qərarlar Tarif Şurası, İqtisadiyyat və Maliyyə Nazirlikləri də daxil olmaqla bir neçə qurumun birgə qərarı ilə qəbul olunur.
“Hazırda 100 mindən çox abunəçi su haqqını ödəmir, xətlərdə isə qanunsuz müdaxilələr var. Diferensial qiymət sistemi bu problemləri azaltmağa və səmərəli su istifadəsini təmin etməyə kömək edəcək".
Tərcümə: Nəzrin Abbas
E-saglam.az