Bakı, 31 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu ilə Çin Respublikasının Pekin Kimya Texnologiyaları Universiteti arasında əməkdaşlıq perspektivlərinin müzakirəsinə həsr olunmuş görüş keçirilib.
Bu barədə AZƏRTAC-a Fizika İnstitutundan bildirilib.
Görüşdə Pekin Kimya Texnologiyaları Universitetinin professor və dokrorantları iştirak ediblər. Fizika İnstitutunun Elmi innovasiyalar və xarici əlaqələr şöbəsinin rəhbəri dosent Rüstəm qonaqlara təmsil olunduğu elmi müəssisə haqqında ətraflı məlumat verib. Pekin Kimya Texnologiyaları Universitetinin dekan müavini professor Yu Yue də universitetin fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib.
Təqdimatlar əsasında maraqlı müzakirələr aparılıb və suallar cavablandırılıb.
Görüşdə elm, təhsil və innovasiya sahələrində birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı təcrübə mübadiləsi, həmçinin gənc alim və doktorantların mübadilə proqramlarının təşkili məsələləri diqqət mərkəzində olub.