Azərbaycan tarixində ilk dəfə olaraq “erməni məsələsi” dinc və könüllü şəkildə ölkə ərazisindən kənara çıxıb. Bunu Milli Məclisin deputatı Zahid Oruc oktyabrın 31-də keçirilən iclas zamanı deyib.
Deputat qeyd edib ki, Qarabağda aparılan antiterror tədbirlərindən sonra Xankəndinin dinc yolla tərk edilməsi bölgədə yeni reallıqlar yaradıb.
“İndi ‘Böyük Ermənistan’ və ya ‘dənizdən-dənizə Ermənistan’ ideyaları deyil, ‘real Ermənistan’ anlayışı müzakirə olunur. Ermənistan cəmiyyəti artıq öz gələcəyi ilə bağlı qərarını Bakının mövqeyinə uyğun müəyyənləşdirəcək”, – Zahid Oruc deyib.
O əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda yeni siyasi və təhlükəsizlik arxitekturası formalaşdırır.
“Əgər bir gün Azərbaycan Prezidentinin çıxışını İrəvandan eşitsəniz, bu, Qafqazda yeni dövrün başlanğıcı olacaq,” – deputat vurğulayıb.
Gülnar Nazimqızı