AZ

Əliyev buna görə İrəvana gəlmir - Surenyants

BAKI, 31 oktyabr. TELEQRAF

“Azərbaycan Prezidenti İlham Əliyevin sülh sazişinin imzalanması üçün Ermənistan Baş naziri Nikol Paşinyana ev tapşırığı var”.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.

“Burada verilən mesaj aydındır: sülh müqaviləsinin imzalanması üçün hələ ev tapşırığının olduğuna işarə edir. Əliyev təzyiq rıçaqlarını saxlayır”, - o bildirib.

Ekspertin fikrincə, gələcəkdə belə qarşılıqlı yüksək səviyyəli səfərlərin önünün açılması üçün İrəvanın sülh sazişi üzrə yerinə yetirməli olduğu öhdəliklər var.

Surenyants əlavə edib ki, Bakı gələn il Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra sazişin imzalanması və ya öhdəliklərin yerinə yetirilməsini qəti şəkildə tələb edəcək.

Qeyd edək ki, erməni ekspert bu fikirləri Caliber.az-ın Prezident İlham Əliyevin 2026-cı ilin mayında İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak etməyəcəyinə dair məlumatını şərh edərkən səsləndirib.

Caliber-in oktyabrın 30-da yaydığı məlumatda deyilir:

“İkitərəfli münasibətlərin hazırkı səviyyəsi Prezident Əliyevin İrəvana səfərini aktual addım kimi nəzərdən keçirməyə hələlik imkan vermir. Azərbaycan real fəaliyyət prinsipindən çıxış edir. Saziş (sülh sazişi - red.) imzalanmadan və praktiki mexanizmlər işə salınmadan yüksək səviyyəli səfər prosesin tamamlanması ilə bağlı yanlış təəssürat yarada bilərdi. Hüquqi baza rəsmiləşdirilmədən və öhdəliklərin yerinə yetirilməsinə başlanılmadan bu cür addımların atılması hələ tezdir”.

Rəsmi Bakı sülh sazişinin imzalanması üçün İrəvandan Ermənistan Konstitusiyasına müvafiq dəyişiklik tələb edir. Söhbət Konstitusiyada Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını ehtiva edən yanlışın düzəldilməsindən gedir.

Seçilən
13
teleqraf.com

1Mənbələr