AZ

“Ali Baş Komandanın statusu artıq yalnız siyasi deyil, tarixi-qələbə məzmunu daşıyır” -Ziyafət Əsgərov

Ali Baş Komandan anlayışı bu gün təkcə Prezident İlham Əliyevin dövlət başçısı kimi siyasi statusunu deyil, həm də onun müharibədə qazandığı ali hərbi titulu, liderlik bacarığını və xalqın yaddaşında formalaşmış qəhrəmanlıq simvolunu ifadə edir”. SİA xəbər verir ki, bunu Milli Məclisin sədrinin müavini Ziyafət Əsgərov parlamentin plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, 20 sentyabr tarixinin Azərbaycan xalqı üçün iki böyük tarixi hadisəni birləşdirməsi xüsusi mənaya malikdir: “1994-cü ildə “Əsrin müqaviləsi” ilə Azərbaycan öz iqtisadi suverenliyinin əsasını qoydu. 2023-cü ilin 20 sentyabrında isə Xankəndinin azad edilməsi ilə biz müasir tariximizin ən mühüm hərbi-siyasi səhifəsini yazdıq. Bu, xalqımızın müstəqillik yolunda əldə etdiyi iki böyük qələbənin — iqtisadi inkişafın və hərbi zəfərin bir tarixdə birləşməsidir”.

Ziyafət Əsgərov vurğulayıb ki, dünyada çox az dövlət müharibədə qələbə qazanıb, həmin qələbəni qısa müddətdə sülh və sabitliklə möhkəmləndirə bilib: “Azərbaycan isə bunu ən qısa zamanda, ən az itki ilə və ən böyük nəticə ilə reallaşdırdı. Bu, artıq yeni tarixi mərhələdir - bizim “zəfər dövrümüz”.

Spiker müavini çıxışında tarixi paralellərə də toxunub: “Necə ki, Bastiliyanın alınması fransız xalqının azadlıq ruhunu oyatdı, Berlin divarının dağılması alman birliyini bərpa etdi, Çanakkale döyüşü türk millətinin qəhrəmanlıq rəmzinə çevrildi - Qarabağ Zəfəri də Azərbaycan xalqının milli iradəsinin simvoludur”.

Onun sözlərinə görə, Prezident İlham Əliyev bu tarixi irsə söykənərək müasir və güclü Azərbaycan dövlətini formalaşdırıb: “Topçubaşovların, Hacınskilərin əsası qoyduğu ideyalar bu gün real nəticələrini verir. Azərbaycan artıq bölgədə yeni siyasi reallıqlar yaradan, iradəsi ilə proseslərə yön verən dövlətdir”.

Ziyafət Əsgərov çıxışının sonunda bildirib ki, Ermənistan belə yeni mərhələdə öz yolunu müəyyən etmək üçün Bakının mövqeyinə baxır: “Bu gün artıq heç kim Azərbaycanı təzyiq altında görməkdən danışmır. Əksinə, Azərbaycan sülhün təşəbbüskarı kimi dəyər verilir. Ən böyük gücümüz isə xalqımızın birliyi və dəmir iradəsidir”.

Seçilən
20
2
sia.az

3Mənbələr