Dünya İsrailin fələstinli qadın və qızlara qarşı törətdiyi qırğınlara qarşı duyarsızlaşıb.
Turkustan.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Qadınlara və Qızlara Qarşı Zorakılıq üzrə Xüsusi Məruzəçisi Reem Alsalem bildirib ki, dünya İsrailin fələstinli qadın və qızlara qarşı törətdiyi zorakılıq və qırğınlara qarşı getdikcə duyarsızlaşır.
Alsalem bu fikirləri BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Fələstin Xalqının Ayrılmaz Hüquqlarının Həyata Keçirilməsi Komitəsi (CEIRPP) tərəfindən təşkil olunan paneldə səsləndirib.
O, İsrail ordusunun Qəzzada həyata keçirdiyi hücumların insanların qavrayışına mənfi təsir göstərdiyini vurğulayaraq deyib:
“Qarşıdurmalarda və böhranlarda qadın və qızların başına gələnlər artıq heç kimin vecinə deyil.”
Alsalem əlavə edib ki,
“Minlərlə fələstinli qadın və qızın qətlə yetirilməsi və onlara qarşı törədilən dəhşətli zorakılıqlar dünyanın artıq onların faciəsinə əhəmiyyət vermədiyinin ən açıq göstəricisidir.”
Xüsusi məruzəçi beynəlxalq ictimaiyyəti fələstinli qadın və qızlara qarşı davam edən zorakılığa laqeyd qalmamağa çağırıb.
Aytən Yaşar/ Turkustan.az
 
                        