Google-un araşdırmasına görə, Android istifadəçiləri fırıldaqçı SMS və zənglərlə iPhone sahiblərindən xeyli az qarşılaşır...
Poliqon xəbər verir ki, Google şirkəti və YouGov tədqiqat mərkəzinin birgə apardığı araşdırma mobil təhlükəsizlik sahəsində maraqlı nəticələr ortaya qoyub. Məlumatı 9to5Google nəşri yayıb. Araşdırmaya əsasən, Android əməliyyat sistemi ilə işləyən cihazların sahibləri iPhone istifadəçilərinə nisbətən 58 faiz daha az fırıldaqçı SMS və zənglər alır.
Tədqiqatda qeyd olunur ki, ən yüksək təhlükəsizlik səviyyəsini Google Pixel smartfonları nümayiş etdirib — bu cihazların sahibləri fırıldaqçılıq və fişinq tipli mesajlarla 96 faiz daha az qarşılaşıb. Bunun əksinə olaraq, iPhone istifadəçiləri bir həftə ərzində üç və ya daha çox fırıldaqçı mesaj aldığını bildirməkdə Android sahiblərindən 65 faiz daha çoxdur.
Google bu fərqi bir neçə texnoloji amillə izah edir. Şirkətin məlumatına görə, RCS (Rich Communication Services) protokolu, Android-in daxili təhlükəsizlik mexanizmləri və süni intellekt (AI) əsaslı sistemlər bu nəticələrdə mühüm rol oynayır.
Xüsusilə “Mesajlar” və “Telefon” tətbiqlərinə inteqrasiya edilmiş AI modelləri şübhəli nömrələri və spam məzmunu effektiv şəkildə tanıyaraq avtomatik bloklayır. Google qeyd edir ki, bu yanaşma istifadəçiləri fırıldaqçılıq cəhdlərindən qorumaqla yanaşı, ümumi rabitə təhlükəsizliyini də xeyli gücləndirir.
Ekspertlər bildirirlər ki, bu nəticələr mobil təhlükəsizlik sahəsində rəqabəti daha da kəskinləşdirə bilər və Apple-ı iOS sistemində spam və fişinqə qarşı yeni müdafiə mexanizmləri tətbiq etməyə vadar edəcək.
Poliqon.info
 
                        