AZ

Kreml Pokrovskda 5 6 saatlıq atəşkəs təklif edir Müdafiə Nazirliyi bəyanat yaydı, Ukrayna etiraz etdi

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Vladimir Putin orduya xarici jurnalistlərin Pokrovsk, Mirnoqrad və Kupyanska keçidini təmin etməyi əmr edib.

“AzPolitika” xəbər verir ki, Rusiya MN döyüşləri "beş-altı saat" dayandırmağa və Ukrayna Silahlı Qüvvələrinin "mühasirə zonalarını" görə bilmələri üçün xarici, həmçinin Ukrayna media nümayəndələrinin "maneəsiz" keçidinə icazə verməyə hazır olduğunu bildirib. Nazirlik həmçinin həm jurnalistlər, həm də Rusiya hərbçiləri üçün "təhlükəsizlik zəmanətləri" tələb edib.

Rusiyanın Krasnoarmeysk və Dimitrov adlandırdığı Pokrovsk və Mirnoqrad Donetsk vilayətində, Kupyansk isə Xarkov vilayətində yerləşir. Putin rus hərbçilərilə görüşündə guya Ukrayna Silahlı Qüvvələrinin "mühasirəyə düşdüyü” bu şəhərlərdə hərbi əməliyyatların müvəqqəti dayandırılmasını təklif edib. O qeyd edib ki, fasilə zamanı xarici jurnalistlər şəhərlərə daxil ola, “nə baş verdiyini görə, Ukrayna hərbçiləri ilə danışa və sonra gedə bilərlər”. Putin həmçinin bu zaman Kiyevin "təxribatları" ehtimalından narahat olduğunu qeyd edib.

Ukrayna Xarici İşlər Nazirliyi isə Putinin döyüş zonasında "dəhlizlər" təkliflərinə etibar etməməyi məsləhət görüb. "Putinin yeganə məqsədi müharibəni uzatmaqdır və o, heç vaxt atəşkəs vədlərini yerinə yetirməyib. Ona cinayətlərinə jurnalistlərə qarşı təxribatlarla haqq qazandırmasına kömək etməyin", - nazirliyin sözçüsü Georgi Tixi bildirib.

O, həmçinin xatırladıb ki, Ukraynanın icazəsi olmadan işğal olunmuş əraziyə hər hansı bir səfər Ukrayna qanunlarının və beynəlxalq hüququn pozulmasıdır: "Bunların uzunmüddətli hüquqi nəticələri olacaq. Biz bunu yaxından izləyirik".

Qeyd edək ki, oktyabrın 26-da Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov Putinə Rusiya ordusunun Pokrovsk sektorunda 5500 və Kupyansk sektorunda 5000-ə qədər Ukrayna əsgərini mühasirəyə aldığını bildirib. Lakin Rusiyanın öz hərbi “Z-müxbirləri” bunun yalan olduğunu bildirirlər. Onların sözlərinə görə, Rusiya qoşunlarının irəliləyən "çıxıntıları" arasındakı məsafələr bir neçə kilometrə çatır və buna mühasirə demək olmaz. Ukrayna Silahlı Qüvvələrinin təchizatı isə davam edir.

Amerika Müharibə Araşdırmaları İnstitutu (ISW) da Gerasimovun iddialarını təsdiqləyən etibarlı məlumat tapmadığını bəyan edib.

Hərbi ekspert Kirill Mixaylov "Novaya Gazeta Europa"ya deyib ki, Pokrovsk və Mirnoqrad ilə rabitə, logistika dəhlizi üzərində Rusiya pilotsuz təyyarələrinin atəş nəzarəti səbəbindən çətinləşir, lakin qoşunların tam mühasirəyə alınması ehtimalı yoxdur.

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Pokrovsk və ətraf əraziləri mühasirəyə almaq üçün təxminən 11.000 yeni əsgər cəlb etdiyini bildirib. Qoşunların hərəkətini izləyən Ukraynanın "DeepState" layihəsi düşmənin "artıq yüzlərlə piyada əsgərini şəhərə gizlicə gətirməyi bacardığını və daha dərinə doğru irəliləməyə davam etdiyini, təxribat və kəşfiyyat fəaliyyətlərini genişləndirdiyini və həmçinin Mirnoqrad istiqamətində logistikanı pozmağı bacardığını” bildirib. Ancaq bu, hər hansı bir mühasirə, yaxud cəbhənin yarılması anlamına gəlmir.

Rusiya artıq 14 aydır ki, kiçik Pokrovsku ələ keçirməyə çalışır. 2024-cü ilin avqust-sentyabr aylarında onun qüvvələri şəhərin 8-10 kilometrliyinə qədər irəliləyib, bundan sonra hücum dayanıb. Lakin bu ilin avqust ayında Putinin Donald Trampla zirvə görüşündən sonra Kreml Pokrovsk istiqamətində səylərini daha da artıraraq, cəbhədə uğur görüntüsü yaratmağa çalışır. Ancaq hətta Pokrovskun yaxın zamanda tam işğal edilməsi belə, mütəxəssislərin də dediyi kimi, böyük hərbi qələbə sayıla bilməz. Ən azından ona görə ki, təkcə Donetsk vilayətinin Ukraynanın əlindəki ərazisində hələ Pokrovskdan dəfələrlə güclü müdafiə istehkamları olan Slavyansk, Kramatorsk, Konstsntinovka kimi bir neçə böyük şəhəri var.

C.Məmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
1
azpolitika.info

2Mənbələr