Bakı, 31 oktyabr, AZƏRTAC
ABŞ bir neçə həftə ərzində beynəlxalq sabitlik qüvvələrinin Qəzza sektorunda yerləşdirilməsini nəzərdə tutan plan üzərində işləyir.
AZƏRTAC xəbər verir ki, Al Arabiya telekanalı bu barədə mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Qəzza sektorunda beynəlxalq qüvvələrə “ərəb ölkələrinin və digər xarici dövlətlərin hərbçiləri” daxil olacaq. Lakin regiona hərbi kontingent göndərəcək konkret ölkələrin adları açıqlanmayıb. Nəşrin mənbələri ABŞ-ın Qəzzada təhlükəsizliyi təmin edəcək Fələstin Milli Administrasiyasının polislərinə təlim keçməyi planlaşdırdığını da bildirib.
Qeyd edək ki, sentyabrın 29-da Ağ Ev ABŞ Prezidenti Donald Trampın Qəzza sektorunda münaqişənin həlli ilə bağlı planını açıqlayıb. Sənəddə digər məsələlərlə yanaşı, Qəzza sektorunda müvəqqəti xarici idarəçiliyin yaradılması və beynəlxalq sabitlik qüvvələrinin yerləşdirilməsi çağırışları da yer alır. Oktyabrın 9-da Donald Tramp HƏMAS və İsrail nümayəndələri arasında Misirdəki danışıqlardan sonra sülh planının birinci mərhələsi üzrə razılığın əldə olunduğunu açıqlayıb.