Ukrayna böhranının həlli istiqamətində Rusiya və Qərb arasında diplomatik dialoqun bərpası beynəlxalq gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Son illərdə münasibətlərin gərginləşməsi, sanksiyalar, qarşılıqlı ittihamlar və hərbi toqquşmalar fonunda baş verən bu cəhdlər bir çox suallar doğurur.
Ən önəmlisi isə budur: bu dialoq regionda sabitliyə və sülhün bərpasına real töhfə verə bilərmi, yoxsa Moskvanın siyasi təcridinin aradan qalxmasına şərait yaradacaq yeni mərhələnin başlanğıcıdır?
Mövzu ətrafında həm optimist, həm də skeptik yanaşmalar mövcuddur. Bir tərəf bu addımı böhranın diplomatik yolla həlli üçün zəruri vasitə hesab edir, digər tərəf isə bunun Rusiyanın mövqelərini möhkəmləndirəcəyindən və Qərbin strateji güzəştlərə məcbur qalacağından ehtiyatlanır.
Belə bir şəraitdə tərəflər arasında başlanmış yeni diplomatik prosesin nəticələri təkcə Ukraynanın gələcəyini deyil, bütövlükdə Avropadakı təhlükəsizlik arxitekturasını müəyyən edə bilər.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Kazım Kazımov bildirib ki, Rusiya ilə Qərb arasında dialoqun bərpası dünyada ikili fikir ayrılığına səbəb olub:
"Bir tərəf hesab edir ki, bu addım Ukrayna böhranının dayanmasına və beynəlxalq vəziyyətin yaxşılaşmasına xidmət edə bilər. Digər tərəf isə əksinə, düşünür ki, Rusiya heç bir müsbət addım atmadan, hələ də Ukraynaya hücumlar təşkil edən və Şərqi Avropanı təhlükə altında saxlayan bir dövlət kimi beynəlxalq siyasətə qayıdacaq, yəni bu proses onun üzərindəki təcridin aradan qaldırılmasına xidmət edəcək".
Onun sözlərinə görə, bu, iki əsas yanaşma fərqidir:
"Hər iki tərəfin də özünəməxsus arqumentləri və müəyyən qədər haqlı əsaslandırmaları var. Bayden dövründə məlum olduğu kimi, Rusiya ilə bütün əlaqələr demək olar ki, dondurulmuşdu. Müdafiə nazirləri səviyyəsində bir neçə qısa təmasdan başqa, ciddi dialoq baş verməmişdi. Nəticə etibarilə, bu siyasət müharibənin dayandırılmasına və ya gərginliyin azalmasına kömək etmədi".

Kazım Kazımov: Tramp problemlərin dialoq və qarşılıqlı anlaşma yolu ilə həllinə üstünlük verir
Kazım Kazımov əlavə edib ki, Trampın strategiyası isə bu baxımdan fərqlənir. O, problemlərin dialoq və qarşılıqlı anlaşma yolu ilə həllinə üstünlük verir. Bununla belə, Tramp da Rusiyanın tam şəkildə beynəlxalq təcriddən çıxmasına şərait yaratmaq istəmir:
"Son görüşün ləğv edilməsi və Putinlə görüşün Ağ Evdə deyil, Alyaskada keçirilməsi təklifinin irəli sürülməsi də göstərir ki, Tramp bu məsələdə ehtiyatlı davranır".
Sonda politoloq əlavə edib ki, əgər yaxın bir il ərzində və ya bir qədər uzun müddətdə bu diplomatik təmaslar böhranın azalmasına və ya dayandırılmasına real töhfə verməsə, ABŞ və ümumilikdə Qərb dünyası ilə Rusiya arasında münasibətlər yenidən kəskin şəkildə pisləşə bilər.
Əli Hüseynov
 
                        