“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar hazırda Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən avtomobil yollarında əsaslı təmir işləri aparılır. Belə ki, uzunluğu 7,8 kilometr olan Şərur rayon Axaməd kənddaxili, uzunluğu 8,5 kilometr olan Ordubad rayon Kələntərdizə və Qoşadizə kənddaxili, 11,7 kilometr olan Ordubad rayon Anabad və Gənzə kənddaxili avtomobil yollarında işlər icra edilməkdədir. Bu işlərin tərkibinə köhnə yol yatağının qazılaraq kənarlaşdırılması, yeni yol yatağının tikilməsi, su keçidlərinə müxtəlif diametrli boruların quraşdırılması, yol kənarlarına beton kanalların çəkilməsi, asfalt-beton örtüyün döşənməsi və son tamamlama işlərinin aparılması daxildir. İşlərin bu ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.
Bu barədə “İki sahil”ə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq 2025-ci ilin 9 ayında 81,65 kilometr təmiri nəzərdə tutulan avtomobil yollarından 54,75 kilometri, və ya 67 faizi əsaslı təmir olunaraq əhalinin istifadəsinə verilib. Ümumilikdə 2025-ci ildə Naxçıvan şəhərinin Babək məhəlləsi, Hacıniyyət kəndi, 6-cı məhəllə, Qaraçuq kəndi, Xətai məhəlləsi, S.Vurğun-N.Naxçıvani, M.H.Şəhriyar-H.Rəhmanov-58-61-ci məhəllə, Culfa rayon Yaycı kənd daxili, Babək rayon Nehrəm qəsəbədaxili, Şərur rayon Muğancıq Müslüm və Cəlilkənd-Düdəngə, Ordubad, Şahbuz, Babək və Culfa rayonlarının bəzi şəhər və kənddaxili avtomobil yollarında əsaslı təmir işlərinin aparılması nəzərdə tutulub.
“Görülən işlər Naxçıvan Muxtar Respublikasında yol infrastrukturunun müasir tələblər səviyyəsində qurulmasına, əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə və regionun sosial-iqtisadi inkişafının təmin olunmasına yönəlib”-deyə agentliyin mətbuat xidmətindən bildirilib.
 
                        