AZ

Elektrik közərmə lampalarının dövriyyəsinə dair yeni tələblərlə bağlı maarifləndirmə işinə başlanıldı

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən elektrik közərmə lampalarının dövriyyəsinə dair yeni qaydalarla bağlı sahibkarlıq subyektləri arasında maarifləndirmə işinə başlanılıb. Bu çərçivədə Bakı şəhəri və regionlarda fəaliyyət göstərən ümumilikdə 3700-ə yaxın mağazanı əhatə edən 46 ticarət şəbəkəsi və satış obyekti, eləcə də 5 iri ticarət mərkəzi və 1 onlayn satış platformasının rəhbərliyinə mövcud tələblər barədə maarifləndirici məktublar göndərilib.

Qeyd edək ki, elektrik közərmə lampalarının dövriyyəsinə dair yeni tələblər “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş 11 aprel 2025-ci il tarixli dəyişiklikdə öz əksini tapıb. Qanunvericiliyə uyğun olaraq, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən 60 Vt və yuxarı gücə malik elektrik közərmə lampalarının 2026-cı il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik lampaların isə 2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan edilib. Həmçinin göstərilən tələblərin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində də inzibati məsuliyyət müəyyən edilib.

Bundan əlavə, “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 8 oktyabr tarixli Fərmanı ilə sözügedən lampaların satışına münasibətdə inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti Azərbaycan Respublikasının Energetika Nazirliyinə və Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə verilib.

Agentlik sahibkarlıq subyektlərini qanunvericiliyin tələblərinə riayət etməyə və elektrik közərmə lampalarının dövriyyəsinə dair müəyyən edilmiş qaydalara əməl etməyə çağırır.

Seçilən
20
12
teleqraf.com

10Mənbələr