“Mən bir müddət əvvəl demişdim ki, insanlar sanki “qara maskalılar”ın geri dönməsini istəyir."
Milli Məclisin deputatı Elşad Musayev News365.az-a açıqlamasında bildirib ki, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə sürətlənməlidir:
Bunun səbəbi açıqdır — cəmiyyət rüşvət və korrupsiya ilə mübarizədə daha sərt addımlar gözləyir. Korrupsiya və monopoliya ölkəni içəridən çürüdür. Bu səbəbdən qanunu pozan, vəzifəsindən şəxsi maraqları üçün istifadə edən məmurlara qarşı ciddi tədbirlər görülməlidir. Balakəndə baş verən son əməliyyatlar bu istiqamətdə atılmış növbəti addım kimi qiymətləndirilməlidir. Proses yarımçıq saxlanmamalıdır, əks halda nə iqtisadiyyatda, nə də digər sahələrdə real inkişaf mümkündür. Təəssüf ki, bəzi rayon icra başçıları özlərini hələ də toxunulmaz sayır, var-dövlətlərini artırmaqla məşğuldurlar. Rayonların çoxu kasıblıq içindədir, amma bu şəxslərin mülkləri, villaları durmadan çoxalır. Bu, sosial ədalət hissini tamamilə sarsıdır.”
Deputat hesab edir ki, korrupsiyaya qarşı tədbirlərin dayanıqlı olmamasının əsas səbəbi mövcud idarəetmə sistemidir:
“Əsas problem sistemdədir. İdarəetmə modeli dəyişməli, şəffaf və hesabatlı mexanizmlər qurulmalıdır. Yerli idarəetmə orqanları seçki yolu ilə formalaşmalı və xalq qarşısında məsuliyyət daşımalıdır. Amma nəzarət sistemi də işləməlidir — xüsusilə məhkəmələrdə. İcra başçıları eyni vəzifədə on illərlə qalır, heç kimə hesabat vermir. Belə vəziyyətdə istər-istəməz sui-istifadə halları artır. Sistem elə qurulmalıdır ki, hər kəs bir-birinə nəzarət edə bilsin. Təəssüf ki, bəzi icra başçıları hələ də arxalarında kiminləsə söykəndiklərinə inanaraq qanunu saya salmırlar. Bu isə həm dövlətə, həm xalqa qarşı hörmətsizlikdir.”
 
                        