AZ

Bakıya qarşı “Artsaxbank” təxribatı

Azərbaycan tərəfi bu məsələni Mastercard və digər beynəlxalq maliyyə institutları qarşısında qaldırmalıdır

Ermənistanda fəaliyyət göstərən “Artsaxbank” yenidən gündəmə gəlib. Bu dəfə maliyyə qurumu “Elektrikli avtomobilə 2 addım” adlı kampaniyasının nəticələrini açıqlayıb. Kampaniya çərçivəsində bankın Mastercard kart sahibləri iyul-sentyabr ayları ərzində nağdsız ödənişlər etməklə xal toplayıb və elektrik avtomobili, 10 tətil paketi, eləcə də 10 “Mastercard Travel World” premium kartı qazanmaq şansı əldə ediblər.

Bir baxışda adi marketinq addımı kimi görünən bu kampaniya əslində siyasi məna daşıyır. Çünki “Artsaxbank” adı daşıyan istənilən kommersiya qurumu Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat sayılır. “Artsax” – separatçılığın, işğal dövrünün, vəhşilik və qanunsuzluqların sinoniminə çevrilmiş addır. 1991-2020-ci illər arasında Qarabağda fəaliyyət göstərən qondarma “Artsax Respublikası”nın bank sistemi, təbii ki, qanunsuz idi. Lakin o dövrdə belə “Artsaxbank” adını daşıyan qurum faktiki olaraq işğal rejiminə xidmət edirdi. 2020-ci il Vətən müharibəsindən sonra “Artsax” adlı bütün qurumların fəaliyyəti dayandırılmalı idi. Ermənistanın baş naziri Nikol Paşinyan özü də dəfələrlə bəyan edib ki, “Artsax” anlayışı artıq mövcud deyil və bu addan istifadə “milli təhlükəsizlik üçün riskdir”.

Lakin indi 2025-ci ilin payızında ölkənin Mərkəzi Bankına tabe olan “Artsaxbank” hələ də aktiv fəaliyyətdədir və açıq şəkildə kampaniyalar keçirir. Bu isə Ermənistan hökumətinin real niyyətini göstərir: “Artsax” adı hələ də dövlət strukturları səviyyəsində qorunur və işlədilir. “Artsaxbank”ın fəaliyyətini davam etdirməsi təkcə etik deyil, həm də beynəlxalq hüquq normalarının pozulmasıdır. Azərbaycan 2020-ci ildə ərazi bütövlüyünü tam bərpa edib, Qarabağda “Artsax” adlı heç bir inzibati vahid mövcud deyil. Bu halda, qonşu ölkədə belə adda kommersiya strukturunun saxlanması Azərbaycanın suverenliyinə qarşı yönəlmiş addım kimi qiymətləndirilir.

Azərbaycan Mərkəzi Bankı və Maliyyə Monitorinq Xidməti vasitəsilə Ermənistan tərəfinə sorğu göndərilməli, “Artsaxbank”ın hüquqi statusu, qeydiyyatı və beynəlxalq ödəniş sistemlərində iştirakı barədə məlumat tələb olunmalıdır. Çünki “Artsaxbank” Mastercard kartları ilə kampaniya aparırsa, deməli, beynəlxalq ödəniş sistemləri bu bankla əməkdaşlıq edir. 

Azərbaycan tərəfi bu məsələni Mastercard və digər beynəlxalq maliyyə institutları qarşısında qaldırmalıdır. Ödəniş sistemləri istənilən regionda fəaliyyət göstərən tərəfdaşlarının beynəlxalq hüquqa uyğunluğunu yoxlamaqla məsuldurlar.

Maliyyə hüququ üzrə ekspertlərin fikrincə, “Artsaxbank”ın Ermənistan qanunları çərçivəsində qeydiyyatdan keçməsi, bu ölkənin Mərkəzi Bankına tabe olması Azərbaycanı hüquqi baxımdan birbaşa müdaxilə imkanından məhrum edir. Lakin diplomatik və beynəlxalq təzyiqlər vasitəsilə bankın adının dəyişdirilməsi tələb oluna bilər. Çünki ad məsələsi sıradan bir “brend” deyil.

Natiq

Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli bildirir ki, Azərbaycan hökuməti bu məsələ ilə bağlı tələb irəli sürə bilər: “Ermənistan hökuməti belə bir arqument göstərəcək ki, “Artsaxbank” özəl bankdır və dövlət özəl biznesə müdaxilə edə bilməz. Dövlət bankı olsaydı, Azərbaycan bankın adının dəyişdirilməsi ilə bağlı birbaşa tələb qoya bilərdi. İndiki halda isə özəl sektor olduğuna görə bir az prosedur çətinliyi var.

Lakin ermənilərlə istər dövlət, istərsə də vətəndaş cəmiyyəti səviyyəsində danışıqlar aparılarkən bu məsələ qaldırılmalıdır. Çünki bu, sülh atmosferinə ziyan vuran məsələdir. Hər dəfə erməni vətəndaşıları o bankın reklamını görəndə Qarabağla bağlı yaddaşları yeniləmək üçün bir bəhanəyə çevriləcək. Ona görə də zamanla bu mövzu gündəmə gətirilməli və Ermənistan tərəfinə Azərbaycanın gözləntisi çatdırılmalıdır.  

Düşünmürəm ki, bankın adının Artsax olması Qarabağa iddia kimi qəbul edilsin. Çünki Ermənistanın rəsmi mövqeyi bəllidir, Qarabağın Azərbaycanın ərazisi olduğunu dəfələrlə gündəmə gətiriblər. Amerikada sülh müqaviləsinin paraflanması siyasi və hüquqi olaraq bu məsələyə nöqtə qoyub.  Lakin bunun hüquqi və siyasi olması azdır, Ermənistan cəmiyyətinin də Qarabağa iddia ilə  bağlı məsələyə nöqtə qoymasına ehtiyac var. Ermənistan cəmiyyəti bir müddət sonra özü bunu tələb etməlidir ki, sülhə gedən yolda toksik yanaşmalar olmasın”.

Hüquqşünas

 Əlövsət Allahverdiyev

Hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev mövzunu şərh edərkən deyib ki, bankın adı ilə bağlı tələb irəli sürməyə ehtiyac yoxdur: “Əgər bankın Azərbaycana qarşı təxribatı, terror qrupunun maliyyələşdirilməsində rolu yoxdursa, adının dəyişdiriləsi ilə bağlı tələb irəli sürmək doğru olmaz. Bank Ermənistanın daxili qanunları ilə fəaliyyət göstərir. Gələcəkdə sülh üçün hər hansı təhlükəli bir addım atarsa, o zaman Azərbaycan tələb irəli sürə bilər. “Artsaxbank” özəl bank olduğu üçün hökumət deyəcək ki, Ermənistan dövlətinə aidiyyəti yoxdur. Bir zamanlar Ermənistana silah ötürülürdü və deyilirdi ki, dövlət xətti ilə deyil, özəl şirkətlər tərəfindən alınıb. İndi də deyəcəklər ki, özəl bankdır və dövlətə heç bir aidiyyəti yoxdur. Azərbaycanın bu bankla bağlı Ermənistandan nəsə tələb etməsi real görünmür”.

Bu məsələ, bir daha göstərir ki, Ermənistan hələ də “Artsax” mifindən tam imtina etməyib. Halbuki Paşinyan hökuməti dəfələrlə “Qarabağ məsələsinin bitdiyini” bəyan edib. Əgər bu bəyanatlar səmimidirsə, onda “Artsaxbank” kimi adlar da ortadan qalxmalıdır. Azərbaycanın reaksiyası təkcə etiraz bəyanatı ilə məhdudlaşmamalıdır. Rəsmi Bakı həm diplomatik, həm maliyyə, həm də informasiya müstəvisində bu təxribatın qarşısını almalıdır.

“Yeni Müsavat”

Seçilən
1
1
editor.az

2Mənbələr