ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Gəncədə “Azərbaycan Konstitusiyası. Tarix və digər ölkələrin konstitusiyaları ilə müqayisə” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunub.
AMEA-nın Gəncə Bölməsində keçirilən tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masanı giriş sözü ilə açarkən, AMEA-nın Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev bugünki tədbirin Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamının müddəalarına müvafiq olaraq təşkil edildiyini vurğulayaraq, bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılan və müasir dövrdə onun layiqli davamçısı, cənab Prezident İlham Əliyevin keyfiyyətcə daha yüksək səviyyəyə qaldırdığı dövlətçiliyimizin strateji hədəflərinin, eləcə də dövlətimizin Əsas Qanunu olan Azərbaycan Respublikasının Konstitusiyasının müddəalarının cəmiyyətə elmi cəhətdən çatdırılması məsələsində, xüsusən bu əlamətdar ildə, alim və tədqiqatçıların öhdəsinə böyük vəzifələr düşdüyünü bildirib. O, həmçinin əksərən gənc tədqiqatçıların iştirak etdiyi dəyirmi masanın proqramındakı mövzularda konstitusiya quruculuğu məsələlərində tarixi təcrübənin və dünya praktikasının nəzərə alındığını və bunun təqdirəlayiq hal olduğunu qeyd edib.
AMEA-nın Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Vüqar Əhmədli “Osmanlı və Səfəvilərin hüquqi idarəçiliyində müqayisə”, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Simuzər Qafarlı “Orta əsr Azərbaycan dövlətlərində hüquqi idarəçilik və konstitusiya əvəzedici prinsiplər”, Diyarşünaslıq İnstitutunun Arxeologiya şöbəsinin kiçik elmi işçisi Aytən İsayeva ”Səlcuqlar və Atabəylərdə dövlət idarəçiliyi”, Tarix şöbəsnin kiçik elmi işçisi Yasin Alməmmədov “Azərbaycan Konstitusiyasının formalaşma mərhələləri”, Etnoqrafiya şöbəsinin kiçik elmi işçisi Nərmin Alıyeva “Azərbaycan Xalq Cümhuriyyətinin və Şərq ölkələrinin konstitusion təcrübəsi”, Nizami Gəncəvi Mərkəzinin elmi işçisi Çimnaz Vəliyeva “Xalq Cümhuriyyətimizin Konstitusiyası layihəsi. Avropa ölkələri ilə müqayisə”, Elm və Təhsil Nazirliyinin Bioresurslar İnstitutunun əməkdaşlaından Zərifə Yusubova “Müasir Azərbaycan Konstitusiyası və beynəlxalq müqayisə” və kiçik elmi işçi Naimə Məhərrəmova “Azərbaycan Konstitusiyasının gələcək inkişaf perspektivləri” mövzularında çıxış ediblər.
Çıxışlar ətrafında aparılan müzakirələr zamanı müasir ziddiyyətli dünyanın çağırışlarına hazırlıqlı olmaq baxımından, cəmiyyətimizin həmrəyliyi, xüsusən gənc nəslin siyasi yetkinliyi məsələlərinin daim diqqətdə saxlanılmasıın vacibliyi vurğulanıb.
Zakir Muradov, Gəncə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.
 
                        