Bakı, 31 oktyabr, AZƏRTAC
Hindistanın ən böyük dövlət neft emalı korporasiyalarından biri olan “Indian Oil Corp” dekabr ayında Rusiyadan 3,5 milyon barel neft alıb.
AZƏRTAC xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, Rusiya karbohidrogenləri Hindistanın şərq sahillərinə Qərbin sanksiyalarına məruz qalmayan təchizatçılar tərəfindən çatdırılacaq.
Həftənin əvvəlində şirkətin baş maliyyə direktoru Anuc Cayn sanksiyalara baxmayaraq, korporasiyanın Rusiya neftindən tamamilə imtina etmək niyyətində olmadığını bəyan edib. O, həmçinin qiymətinin sərfəli olduğu və çatdırılmanın təmin edildiyi müddətdə Rusiya neftini almağa davam edəcəklərini bildirib.
Moskva Hindistanın əsas neft tədarükçüsü olaraq qalır. Dehlinin sentyabr ayında ümumi neft idxalı təxminən 4,8 milyon barel təşkil edib ki, bunun da 1,6 milyon bareli Rusiyanın payına düşüb. Enerji ehtiyacının 85 faizi neftdən asılı olan Hindistan dünyanın üçüncü ən böyük neft istehlakçısıdır.
Qeyd edək ki, sentyabr ayında Rusiyanın ümumi neft idxalında payı 33,3 faizə çatıb.