Belçikanın müstəmləkə siyasəti Burundinin milli-mədəni dəyərlərinə ağır zərbə vurub, xalqın ənənələrini və kimliyini dərin şəkildə sarsıdıb.
Teleqraf xəbər verir ki, bu barədə Burundinin SHINE (İnteqrasiya, Qonşuluq və Bərabərlik) təşkilatının təsisçisi və icraçı direktoru, münaqişələrin sülh yolu ilə həlli üzrə ekspert Jean-Marie Nibizi oktyabrın 31-də Bakıda "Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, müstəmləkə dövründə burundililərin hətta adlarını belə sərbəst seçmək hüququ əlindən alınıb:
“İnsanlar övladlarına öz adlarını verə bilmirdilər. Milli geyimlərimiz qadağan edildi və mədəni dəyərlərimiz məhv olundu. Bizim xalq ədəbiyyatını, atalar sözlərini və müdrik kəlamları özündə cəmləyən ‘iniqali’ ənənəmiz dağıdıldı. Həmçinin nəsildən-nəslə ötürülən hekayə və nəğmələrdən ibarət “litito”mədəniyyəti də yox edildi. Bunlar xalqımıza həyatı öyrədən ənənələr idi”.
Ekspert əlavə edib ki, regionda təhlükəli proseslər davam edir və vəziyyət “gecikmiş partlayış effekti” yaratmaqdadır:
“Regionda bəzi siyasi ittifaqlar vəziyyəti daha da gərginləşdirir. Mənim ‘kiçik ittifaq’ adlandırdığım Ruanda, Uqanda və Keniya arasında əməkdaşlıq hələ də bəzi silahlı qrupların dəstəklənməsinə şərait yaradır. Bu isə Burundi, Konqo Demokratik Respublikası və Ruanda arasında yeni münaqişə riskini artırır. Xüsusilə Konqonun şərqindəki qarşıdurmalar uzun illərdir davam edir və minlərlə insanın həyatına son qoyub. Bu hadisələr ölkə rəhbərliyi tərəfindən soyqırım kimi qiymətləndirilir”.
 
                        