AZ

“Əhalinin gəlirinin yarısı kreditlərin ödənilməsinə gedir” – İqtisadçıdan  sərt açıqlama

Azərbaycanda kredit kartlarının sayı azalıb. Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya əsasən kredit kartlarının sayı iyuldakı 2 milyon 223 min ədəddən avqust ayında 2 milyon 123 minə qədər azalıb. Ötən ilin eyni dövründə kredit kartlarının sayı 2 milyon 282 min ədəd olub. Bu, aylıq ifadədə 4.5 faiz, illik ifadədə isə 7 faiz azalma deməkdir.Kredit kartları ilə həyata keçirilən əməliyyatların sayı ötən ilin avqustunda 13017-yə, bu ilin iyulunda 14151-ə, avqustda isə 13075-ə bərabər olub. Bu isə aylıq 7,6 faiz azalma, illik ifadədə isə 0,5 faiz artımdı.
Bəs kredit kartlarının  azalmasına səbəb nədir?
 
Moderator.az-a açıqlama verən  iqtisadiyyat üzrə fəlsəfə doktoru Günay Hüseynova ​​​​​​​ bildirib ki, kredit kartları Azərbaycanda ilk dəfə istifadəyə verildiyi dövrdə bir növ “lüks” hesab olunurdu:
 
“Sonrakı mərhələdə banklar tərəfindən nağdsız ödənişlərin azaldılması və likvidliyin qorunması məqsədilə debet, xüsusilə də kredit kartlarının istifadəsini stimullaşdıran müxtəlif kampaniyalar həyata keçirildi. Kredit kartlarının sayının artması şəxsi istehlakı da artırdı, təəssüf ki, paralel olaraq gecikdirilən və ödənilməyən borclar, nəticə etibarilə isə problemli kreditlərin həcmini yüksəltdi.
Digər bir səbəb Mərkəzi Bankın sərt monetar siyasəti nəticəsində illik faiz dərəcələrinin artması və banklar tərəfindən müxtəlif adlar altında tutulan komissiya haqları oldu.
Bundan əlavə, bu hal müəyyən mənada alıcı təfəkkürü ilə də bağlıdır. Günümüzün reallığı ondan ibarətdir ki, əhalinin əksər hissəsinin ailə gəlirlərinin  50 faizi kredit və ya borc ödənişlərinə yönəlir. Belə bir şəraitdə kredit kartı əlavə borc öhdəliyi yaradır.
 
Eyni zamanda bəzi bankların sərt siyasəti də cəmiyyətdə narazılıq doğurdu. Məsələn, əgər kart aktiv istifadə olunmursa və ya bank tərəfindən limitin artırılması ilə bağlı mesaj göndərilirsə, lakin istifadəçi razılıq vermirsə, həmin kart bloklanaraq ləğv edilir.
 
Son dövrlərdə kredit kartlarının azalmasının əsas səbəbinin də məhz bu amillərlə bağlı olduğunu düşünürəm”
 
Mehin Mehmanqızı
Seçilən
12
2
moderator.az

3Mənbələr