Hüquq və İnsan Haqları İnstitutunda “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Qərbi Azərbaycan İrsi” layihəsinin yekun tədbirdə çıxış edən “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə layihə çərçivəsində qerbiazerbaycanirsi.az saytının yenilənməsini yüksək qiymətləndirib:
“Biz bilirik ki, mütəmadi olaraq müxtəlif təşkilatlar film və materiallar hazırlayırlar. Amma mən saytın yenilənməsini çox vacib hesab edirəm. Zamanın tələbi budur ki, məlumatlar onlayn rejimdə əlçatan olsun və daim yenilənsin. İstənilən şəxs sual yarananda sayta daxil olur və lazımi məlumatları əldə edə bilir,” – deyə İradə Rizazadə bildirib.
QHT.az xəbər verir ki, İctimai Birlik sədri həmçinin alimlərin və tədqiqatçıların fəaliyyətini yüksək qiymətləndirərək, hələ də araşdırılmamış bir çox tarixi faktların üzə çıxarıldığını vurğulayıb:
“Araşdırmalar zamanı elə materiallar tapılır ki, bu günə qədər məlum deyildi. Məsələn, İrəvan qalasının alınması ilə bağlı yeni faktlar məhz elmi araşdırmalar nəticəsində aşkarlanıb. QHT-lərə yaradılan şərait bu cür layihələrin daha səmərəli həyata keçirilməsinə imkan yaradır və qeyri-hökumət sektorunun elmi tədqiqatlara verdiyi dəstək mühüm əhəmiyyət kəsb edir".
Qeyd edək ki, “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Qərbi Azərbaycan İrsi” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilib.
 
                        