AZ

“Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyinə həsr olunmuş tədbir keçirilib

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 31 oktyabr, AZƏRTAC

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyinə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

“Ronahi” Kürd Mədəniyyət Mərkəzinin sədri Zabit Məmmədovun moderatorluğu ilə keçən tədbirdə etnik və dini icmaların rəhbərləri, “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin üzvləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan BBMM-in icraçı direktoru Rəvan Həsənov bildirib ki, Azərbaycan tarixən müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin dinc, qarşılıqlı anlaşma şəraitində yaşadığı ölkə kimi tanınıb və bu dəyərlərin dövlət siyasəti səviyyəsinə yüksəldilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun əsasını qoyduğu bu siyasət bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Rəvan Həsənov vurğulayıb ki, Azərbaycan xalqının ən böyük gücü onun birliyindədir. Ölkəmizdə fəaliyyət göstərən bütün etnik və dini icmalar, o cümlədən kürd icması bu birliyin mühüm tərkib hissəsidir. “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin fəaliyyəti həm kürd xalqının mədəni irsinin qorunmasına, həm də Azərbaycan cəmiyyətindəki həmrəyliyin möhkəmlənməsinə xidmət edir: “35 il bir təşkilat üçün qısa dövr deyil. Bu illər ərzində “Ronahi” Kürd Mədəniyyət Mərkəzi Azərbaycanın multikultural dəyərlərinin, milli həmrəyliyin və qarşılıqlı anlayışın güclənməsində önəmli rol oynayıb”, – deyə o qeyd edib.

“Ronahi” Kürd Mədəniyyət Mərkəzinin sədri Zabit Məmmədov çıxışında qeyd edib ki, Mərkəz 35 illik fəaliyyəti dövründə ölkəmizdə yaşayan kürdlərin mədəni irsinin, dilinin, musiqisinin, adət-ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində ardıcıl iş aparıb. O bildirib ki, Mərkəzin əsas məqsədi yalnız bir icmanın mədəniyyətini yaşatmaq deyil, həm də Azərbaycanın çoxmədəniyyətli və multikultural dəyərlərinin möhkəmlənməsinə töhfə verməkdir.

“Biz, Azərbaycan kürdləri olaraq, daim dövlətimizin və Prezidentimizin diqqətini və qayğısını hiss edirik. Bu münasibətlə Prezident İlham Əliyevə, eləcə də dövlətimizin müvafiq qurumlarına etnik və dini icmalara göstərilən yüksək diqqət və dəstəyə görə dərin minnətdarlığımı bildirirəm”, – deyə Zabit Məmmədov vurğulayıb.

Tədbirdə çıxış edən kürd icmasının ağsaqqalı Əhməd Apiyev, “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin sədr müavini Emin Xanlarov, talış icmasının ağsaqqalı, professor İmamverdi Həmidov, Azərbaycan-Avar İctimai Birliyinin sədri Məhəmməd Nooyev, Azərbaycan–Ukrayna Konqresi İctimai Birliyinin sədri Yuriy Osadçenko, “Samur” Ləzgi Milli Mərkəzinin sədri İmran Rzayev, Azərbaycanda Yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin sədri Xalid Xəlilov, eləcə də “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin İdarə Heyətinin üzvləri Fəxrəddin Paşayev, Bari Fətiyev, Akif Həsənov, Yapon Məmmədov və Həsən Qasımov qeyd ediblər ki, Azərbaycanda bütün xalqlar bərabər hüquqlara malikdir.

Çıxış edənlər vurğulayıblar ki, dövlətin həyata keçirdiyi ardıcıl multikulturalizm siyasəti nəticəsində müxtəlif etnik və dini icmalar öz mədəni irslərini azad şəkildə qoruyur və inkişaf etdirirlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət bütün icmaların sosial, mədəni və mənəvi həyatına müsbət təsir göstərir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
azertag.az

1Mənbələr