BAKI, 31 oktyabr. TELEQRAF
Bu gün Quba rayonunun 1-ci Nügədi kənd tam orta məktəbində gənclərimizin gələcəyinə, sağlamlığına və xoşbəxtliyinə həsr olunmuş tədbir keçirilir.
Teleqraf xəbər verir ki, “Narkomaniyaya və erkən nikaha yox deyək!” adlı bu görüşün məqsədi — hər bir gəncin həyat yolunu işıqlandırmaq, onu təhlükəli vərdişlərdən və vaxtsız qərarlardan qorumaqdır.
Tədbirdə Quba rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Mehman Əliyev və RPŞ-nin rəisinin xidmət üzrə müavini, polis polkovniki Vüsal Rüstəmov çıxış edərək narkomaniyanın insan talelərini necə məhv etdiyini, erkən nikahın isə gənclərin arzularını, təhsilini və gələcək imkanlarını necə əlindən aldığını vurğulayıblar. M.Əliyev gəncləri düzgün yola yönəlməyə, təhsilə, elmə və sağlam həyata üstünlük verməyə çağırıb.
Görüşdə, həmçinin DİN-in Polis Akademiyasından bəhs olunaraq oradakı şərait və üstün imkanlar məktəblilərin diqqətinə çatdırılıb.
Yekunda mövzular ətrafında dinləyicilərin sualları cavablandırılıb.
 
                         
  
  
 