AZ

Dumanlı zirvələrdə yazılan şərəf dastanı - qazi Ramin Süleymanovun döyüş yolu

Tovuz, 31 oktyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Azərbaycanın igid oğulları tarixboyu Vətən torpağı uğrunda sinəsini sipər edib, qanı ilə bu torpağı müqəddəsləşdiriblər. O qəhrəmanlardan biri də Kəlbəcər və Murovdağ istiqamətlərində gedən döyüşlərdə rəşadət göstərmiş qazi Ramin Zahid oğlu Süleymanovdur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ramin Süleymanov 1988-ci ildə Tovuz rayonunda anadan olub. O, 2014-cü ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyət göstərib. Vətən müharibəsinə qədər iştirak etdiyi çoxsaylı təlimlər onun hərbi bilik və bacarıqlarını daha da artırıb. Müharibə başlayanda artilleriya batareyasının tərkibində döyüşlərə qatılıb. Onun döyüş yolu Kəlbəcər-Murovdağ istiqamətindən keçib.

Vətən müharibəsinin ilk günündən ən ağır döyüşlərin içində olan Ramin Süleymanov o günləri bu gün həm qürur, həm də kədər hissi ilə xatırlayır. Şəhid olmuş silahdaşlarının kədərli xatirələri ilə torpaqlarımızın azad edilməsinin gətirdiyi böyük sevinc onun yaddaşında bir-birinə qarışır. Uşaqlıqdan hərbçi olmağı arzulayan Ramin deyir ki, bu yolda ona ən böyük ilham verən şəxs atası olub. Atası da birinci Qarabağ müharibəsinin iştirakçısıdır.

Murovdağın sərt qayaları, Kəlbəcərin dumanlı zirvələri hələ də onun döyüş izlərini yaşadır. O, yalnız mərmi yağışı altında dayanmayıb, ölümün gözünə dik baxaraq irəliləyib. Lakin bir döyüşdə aldığı ağır yara onu səngərdən ayırıb. Ağrılar bədənini sarsıtsa da, ruhu yenidən döyüş meydanına qayıtmaq üçün alışıb-yanıb. Həkimlərin “döyüşə qayıda bilməzsən” sözləri onun üçün ən ağır qərar olub.

“Vətənə xidmət etməklə böyümüşəm. Müharibə başlayanda artıq tam hazır idik. Təlimlərdən qayıdanda “kaş ki, bu, həqiqi döyüş olaydı, torpaqlarımız uğrunda savaşardıq” deyirdik. O gün gəldi və biz irəli atıldıq. Döyüşlərin birində ağır yaralandım, hospitalda əməliyyat olundum. Bütün varlığımla yenidən döyüşə qayıtmaq istəyirdim, lakin səhhətim imkan vermədi”, - deyə Ramin Süleymanov bildirir.

Hər döyüş onun üçün şərəfdir. “İşğal altındakı torpaqlar azad olunduqca hiss etdiyim sevinc sözlə ifadə oluna bilməz. Bu gün də Vətən üçün lazım gəlsə, yenə silah götürməyə hazıram”, - deyir qazi.

Qazi Ramin Süleymanovun göstərdiyi igidlik və vətənpərvərlik dövlət tərəfindən yüksək qiymətləndirilib. O, “Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib. Bu medallar onun döyüş yolunun rəmzi, şərəf nişanəsidir.

Ramin Süleymanov kimi qəhrəmanlar Vətən torpağının azadlığı və xalqımızın sabahı naminə canlarından keçərək tariximizə əbədi yazılıblar. Onların göstərdiyi igidlik bu günün gəncləri üçün şərəf və məsuliyyət məktəbidir. Qazilərimizin həyat yolu bir daha sübut edir ki, Qələbə asan başa gəlmir, Ramin kimi oğulların qanı, iradəsi və sədaqəti ilə qazanılır.

 

 

Seçilən
10
1
azertag.az

2Mənbələr