AZ

ABŞ-da bir nüvə sınağı 150 milyon dollara başa gələcək

ABŞ-da hər bir nüvə silahı sınağının ölkəyə 150 milyon dollara başa gələ biləcəyi bildirilib. AzPost The Guardian nəşrinə istinadla xəbər verir ki, bu barədə Senat üzvü Meizi Xirono Strateji Komandanlığın rəhbərliyinə namizəd Rişard Korrelin iştirakı ilə keçirilən dinləmələrdə məlumat verib.

Xirononun sözlərinə görə, ekspertlər bir nüvə sınağının dəyərini 125–150 milyon dollar aralığında qiymətləndirirlər. O, bu qədər yüksək xərcin fonunda belə proqramların bərpasının məqsədəuyğunluğunu şübhə altına alıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp son bəyanatında Pentaqona dərhal nüvə sınaqlarına başlamağı tapşırıb. O, bunun digər nüvə dövlətlərinin fəaliyyətinə cavab xarakteri daşıdığını deyib və ABŞ-ın bu məqsəd üçün kifayət qədər poliqonlara sahib olduğunu vurğulayıb.

Trampın sözlərinə görə, yaxın vaxtlarda sınaqlarla bağlı əlavə məlumatlar ictimaiyyətə açıqlanacaq. Bu qərar Rusiyanın “Burevestnik” raketinin sınaqları barədə xəbərlərin yayılmasından sonra verilib.

ABŞ isə sonuncu dəfə nüvə sınağını 1992-ci ildə keçirib. Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədr müavini Dmitri Novikov bildirib ki, Trampın açıqlaması dünyada yeni silahlanma yarışının qarşısını almaq üçün sülh təşəbbüslərinin aktuallığını bir daha gündəmə gətirib.

Hazırda Vaşinqtonda bu məsələ ilə bağlı geniş ictimai və siyasi müzakirələr aparılır.

AzPost.az

Seçilən
26
1
azpost.info

2Mənbələr