GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Qida üzrə mütəxəssis Məshəti Hüseynovanın sosial şəbəkə paylaşımı müzakirələrə səbəb olub. O bildirib ki, marketlərdə qaralmış, köhnəlmiş bananları paketləşdirib satırlar.
Açıq vəziyyətsə satılan bananın zərəri nədir?
Globalinfo.az-a danışan qida təhlükəsizliyi üzrə tədqiqatçı və ekspert Asim Vəliyev deyib ki, bananın qabığının qaralması təkcə onun xarab olması demək deyil:
“Bu hal meyvənin təbii yetişmə prosesi ilə bağlıdır. Zaman keçdikcə bananın sarı qabığı havayla təmasda olur və rəngi tündləşir. Belə bananlar adətən daha şirin və yumşaq olur. Çünki içindəki nişasta şəkərə çevrilir. Yəni əgər banan sadəcə qabığında qaralıb, amma içi sağlam, dadı normaldırsa, onu yemək təhlükəli deyil. Problem ondadır ki, marketlərdə satılan bu cür bananlar çox vaxt artıq təzəliyini itirib, qida dəyəri azalıb və xarab olma mərhələsinə keçib. Bu o deməkdir ki, meyvənin pH səviyyəsi artır. Belə hal isə bakteriya və kif göbələklərinin çoxalması üçün əlverişli mühit yaradır. Vitamin və mineralların miqdarı, xüsusilə C vitamini azalır. Həmçinin şəkər tərkibi yüksəlir. Bu da şəkərli diabet və mədə-bağırsaq problemi olan insanlar üçün təhlükə yaradır”.
Asim Vəliyev
Mütəxəssis bildirib ki, qaralmış bananlar uzun müddət saxlanıldıqda, temperatur və rütubət norması pozulduqda, onların səthində mikotoksin əmələ gələ bilər:
“Bu maddələr qaraciyər və böyrəklərə zərər vurur, allergik reaksiyalar və immun zəifləməsinə səbəb ola bilir. Bu cür bananlar yenidən qablaşdırılır, yuyulmadan və gigiyenik nəzarət olmadan təzə kimi satışa çıxarılır. Bu isə real təhlükə mənbəyidir. Digər məsələ isə bananların süni şəkildə yetişdirilməsidir. Marketlərə gətirilən bananlar çox vaxt yaşıl halda olur və satışdan əvvəl etilen qazı ilə süni yetişdirilir. Bu üsul bananı tez saraldır, amma təbii yetişmədə yaranan bəzi faydalı maddələr bu zaman formalaşmır. Belə bananlar temperatur və rütubət dəyişəndə çox tez qaralır və yumşalır.
Eyni zamanda, onların şəkər və turşuluq səviyyəsi də artır. Bu da xüsusilə mədə və şəkər problemi olan insanlar üçün uyğun deyil. Qaralmış bananların zərəri təkcə xarici görünüşdə olmur. Bəzən satış müddəti keçmiş bananlara yeni etiket vurulur, ya da onlar bir neçə dəfə soyudulub-isidildiyi üçün tərkibi pozulur. Havasız və nəm şəraitdə saxlanıldıqda isə həmin meyvələr maya və kif göbələkləri ilə çirklənə bilər. Belə halda artıq banan dadını, qoxusunu və qida dəyərini itirir. Hətta sağlamlıq üçün təhlükəli ola bilər”.
Asim Vəliyev qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu meyvələrin tərkibində əmələ gələn aflatoksinlər və patulin kimi maddələri xərçəng yaradan birləşmələr kimi tanıyır:
“Belə hal yalnız çox köhnəlmiş və artıq yumşaq, iyrənc qoxulu bananlarda müşahidə olunur. Amma istehlakçı olaraq bu fərqi ayırd etmək çətindir. Bəzi vətəndaşlar həmin bananların ucuz və sərfəli olduğunu deyirlər. Ərzaq israfının qarşısını almaq vacib olsa da, bu hal gigiyenik və qida təhlükəsizliyi standartlarının pozulması hesabına olmamalıdır. Marketin endirim tətbiq etdiyi məhsullar təzə qida ilə eyni rəfdə deyil, ayrı bölmədə “endirimli məhsul” etiketi ilə satılmalıdır. Satış tarixindən əvvəl istifadə müddəti göstərilməli və istehlakçıya risk barədə açıq məlumat verilməlidir. Qeyd edim ki, banan sadəcə bir qədər yumşalıb, qabığı qaralıb, amma içi sağlamdırsa, onu smuzi, desert, keksdə istifadə etmək olar”.
Zaira Akifqızı
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.
 
                        