ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Latviyanın Parlamenti beynəlxalq ictimaiyyətdə "İstanbul Sazişi" kimi tanınan "Qadınlara Qarşı Şiddətin və Ailədaxili Şiddətin Qarşısının Alınması və Onlarla Mübarizə Haqqında Avropa Şurası Sazişi"ndən çıxmaq qərarı qəbul edib.
"Cebheinfo.az" xəbər verir ki, Latviyanın ictimai yayımçısı LSM-in məlumatına görə, parlamentdə ötən həftə keçirilən birinci səsvermədən sonra ölkənin “İstanbul Sazişi”ndən çıxması ilə bağlı ikinci səsvermə də baş tutub. 13 saatdan artıq davam edən müzakirələrdən sonra beynəlxalq sazişdən çıxmaq qərarı 100 yerlik parlamentdə 56 “lehinə”, 32 “əleyhinə” və 2 “bitərəf” səslə qəbul olunub.
Qərarın qüvvəyə minməsi üçün Latviyanın Prezidenti Edqars Rinkeviçs 10 gün ərzində onu təsdiqləməlidir. Prezident Rinkeviçsin bu qərarı parlamentə geri qaytarmaq hüququ da var, lakin parlament eyni qanunu dəyişiklik etmədən yenidən qəbul edərsə, prezident bu dəfə artıq etiraz edə bilmir.
Rinkeviçs, parlamentdə qərarın qəbulundan sonra "X" sosial media platformasında paylaşım edərək, məsələyə ideoloji və ya siyasi deyil, dövlət maraqları və hüquqi aspektlər baxımından yanaşacağını bildirib. Qərarın referenduma çıxarılması ehtimalı da mövcuddur, lakin bunun üçün tələb olunan şərtlər səbəbindən bu, çox çətin bir ehtimal kimi qiymətləndirilir.
Bundan əlavə, bəzi siyasi partiyalar qərarı Konstitusiya Məhkəməsinə daşımağı da nəzərdən keçirir. Digər tərəfdən, İstanbul Sazişindən çıxmaq qərarına qarşı Latviya Parlamentinin qarşısında kütləvi etiraz aksiyası keçirilib. Sazişdən çıxmaq qanunu müxalifətdə olan sağçı “Latvia First” (Latviya Birinci) Partiyası tərəfindən gündəmə gətirilib və hakim koalisiyadakı üç partiyadan birinin dəstəyi ilə parlamentdə qəbul edilib.
Qeyd edək ki, əsl adı “Qadınlara Qarşı Şiddətin və Ailədaxili Şiddətin Qarşısının Alınması və Onlarla Mübarizə Haqqında Avropa Şurası Sazişi” olan İstanbul Sazişi 2011-ci ildə İstanbulda keçirilən Avropa Şurası Nazirlər Komitəsinin 121-ci iclasında qəbul edilib. Avropa İttifaqı sazişi 13 iyun 2017-ci ildə imzalayıb, lakin Rusiya və Azərbaycan imzalamaqdan imtina edib. Çexiya, Slovakiya, Litva, Macarıstan, Ermənistan və Bolqarıstan isə sazişi imzalasa da, bu ölkələrdə hələ qüvvəyə minməyib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.