AZ

“Swissinfo”: İqlimşünaslar iqlim dəyişikliyinin onlara emosional təsir göstərdiyini bildirirlər

Bakı, 31 oktyabr, AZƏRTAC

İsveçrənin “Swissinfo” agentliyinin iqlimşünaslar arasında apardığı yeni bir sorğuya görə, iqlim dəyişikliyi təkcə ekosistemləri və insan fəaliyyətini yenidən formalaşdırmaqla kifayətlənmir, həm də onu tədqiq edənlərə emosional təsir göstərir.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, cümə günü dərc edilən sorğuda iştirak edən 80 iqlim tədqiqatçısının təxminən dörddə üçü (72%) gördükləri işlərdən və ya iqlimin təkamülündən emosional təsirləndiklərini bildiriblər. Onların 41%-i bəzi hallarda, 31%-i isə həftədə bir neçə dəfə narahatlıq hissi keçirdiklərini deyiblər. Alimlərin yalnız 6%-i bununla bağlı heç bir xüsusi emosional reaksiya ifadə etməyib.

“İqlim dəyişikliyinin ortamüddətli nəticələrindən çox narahatam. Mənim bir qızım var və onun necə bir dünyada yaşayacağını düşünürəm”, - deyə İsveçrə Federal Meşə, Qar və Landşaft Tədqiqatları İnstitutunun meşə ekologiyası tədqiqatçısı Pyer Vollenveyder “Swissinfo”ya bildirib.

Elmi ictimaiyyətin əksəriyyəti hesab edir ki, Paris Sazişinin ən iddialı məqsədində nəzərdə tutulan qlobal istiləşməni sənayedən əvvəlki səviyyələrdən 1,5 dərəcə Selsi yuxarıda məhdudlaşdırmaq hədəfinə çatmaq mümkün olmayacaq.

“Siyasi cəhətdən görülən işləri nəzərə aldıqda, bizdə bədbinlik və kədər hissi hökm sürür”, - deyə Sürixdəki iqlimşünas Sonia Seneviratne bildirib. O, azacıq müsbət tendensiyaların da olduğunu vurğulayaraq əlavə edib: “Mən 20 il əvvəl daha pessimist idim, çünki həll yollarımız yox idi. Bu gün isə tamamilə rasional qərarlar qəbul etməyin nə qədər çətin olduğunu görmək məyusedici olsa da, müəyyən irəliləyiş müşahidə edilir”.

 

Seçilən
12
1
azertag.az

2Mənbələr