525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bədirxan Əhmədov, ədəbiyyatşünas alim:
- 30-cu illərin qəzetlərini çox oxumuşam, repressiyanın genezisi, başvermə səbəbləri haqqında məqalələr yazmışam. Həmişə düşündüyüm məsələlərdən biri bu idi ki, repressiya yuxarıdan gəlib, yoxsa aşağıdan? Məsələn, əgər 30-cu illərdə cəmiyyət demokratik olsa idi, kütləvi repressiya baş verərdimi?! Bu həm də qarşılıqlıdır. Yəni 30-cu illər repressiyasının strukturu çox mürəkkəbdir, bizim başa düşdüyümüz kimi deyil. O illərdə hələ sosial şəbəkə yox idi, senzuralı mətbuat var idi. Bu mətbuatda hər hansı bir zavodun, fabrikin və ya rayonun zəhmətkeşləri yığılıb artıq həbs olunmuş adamlara "xalq düşməni", "pantürkist", "zinovyevçi", "sui-qəsdçi" və s. damğaları vururdular. Bu günlərdə mətbuatı, saytları, sosial şəbəkəni izləyəndə dəhşətə gəldim; hamı bir-birini suçlayır, "donos" verir, kimlərinsə həbsini tələb edir, nə vaxtsa, kimsə hansı işi necə gördü, onu deyir, hədəf göstərir. Müstəntiqlər üçün material verir. Gözlərimə inana bilmirəm, sanki 37-ci ilin içindəyəm. Hər şey o illərdə olduğu kimidir, heç nə dəyişməyib. Çoxlu anologiyalar aparıram, ancaq təəssüf də edirəm; o illərin cəmiyyəti ilk dəfə idi belə aksiya ilə qarşılaşırdı. Bəs bizim cəmiyyət ki, hər gün 30-cu illəri pisləyir, pisləyə-pisləyə də onu təkrar edir, dərs çıxarmır. Həm də, özlüyümdə sanki o illərin repressiyasının ən başlıca səbəbini tapıram; o illərdə cəmiyyət özü repressiv idi, ona görə də repressiya kütləvi baş verdi. Bu gün də cəmiyyətimiz sanki repressivləşib, hələ məhkəmənin qərarı olmadan, hansısa müəllifsiz informasiyalara əsasən kimlərisə günahlandırırlar, eynilə 30-cu illərdə olduğu kimi. Hətta adlı-sanlı yazarların məqalə və paylaşımlarında belə repressiyaya təhriketmənin, həbsə məcburetmənin elementləri var. Hansı yazını, məqaləni, paylaşımı oxuyuram, donos əlamətləri görürəm. Təəssüf...
Sənan Şəfizadə, jurnalist:
- 90 dəqiqəlik oyunun biletləri 120 dəqiqəyə "əridi", "uçdu". Belə kütləvi maraq, dəhşətli bilet satışını xatırlamıram. Saat 15:00-da başlandı, təxminən 2 saat sonra saytda ancaq bahalı biletləri görmək olardı. Əlbəttə, böyük maraq səbəbsiz deyil. "Qarabağ"ın ilk iki turda qələbəsi, ardınca rəqibin "Çelsi" olması.
Ürək istərdi ki, bilet alan təxminən 25 min azarkeşin heç olmasa yarısı tamaşaçı olmayaydı. Axı bu dəfə siz də rəqibsiz olmayacaqsınız. O biri oyunlardan fərqli olaraq 1300 ingilis azarkeş stadionda olacaq. İngilislər adətən 90 dəqiqə oturmur, susmur, dayanmır. Bax bu dəfə həm də azarkeşlərin "duel"i olacaq.
Səadət Məmmədova, jurnalist:
- Azad edilmiş ərazilərimizdə yeni üslubda şəhərsalmanın mühüm detalları Şərqi Zəngəzurda xüsusilə diqqətimi çəkir. Köhnədən tam imtina etməmək bu istiqamətdəki layihələrdə əsas çalarlardan biridir və tarixi unutmamaq, qorumaq, gənclərə ötürmək baxımından vacibdir.
Zəngilanda təzə məscid tikiləndə onu yanında köhnə məscidin qalıqlarını saxladılar və terrora məruz qalmış abidə kimi daim göz önündə əyani vasitəyə çevirdilər. Onu görüb böyüyən nəsil heç vaxt başımıza gələn müsibətlərdən xəbərsiz və etinasız olmayacaq.
Şuşada dağıdılmış bəzi tarixi tikililərin qalıqları yeni tikilən binaların arasında saxlanıb. Bu həm mühümdür, həm də görüntü baxımından şəhərə tarixilik, dərinlik və gözəllik verir.
Cəbrayılın Horovlu kəndində isə işğal zamanından qalan dağıntılara kreativ yanaşma çox xoşuma gəldi. Paylaşdığım bu şəkil yəqin ki, dünəndən bəri hamınızın marağını və təqdirini qazanıb. Horovlu öz köhnə yerində tikilib. İşğal zamanı bir neçə dağırılmış ev isə sökülüb təmizlənməyib, ətrafda saxlanıb. Birinin iç divarına həsrəti və qovuşmanı anladan rəsm çəkilib. Əhsən bunu düşünənə! Həm duyğusal, həm tarixi, həm mənəvi zəngin bir tablo alınıb.
Füzulidə olmamışam, deyə bilmərəm, amma Ağdamda yeni tikililərin arasında belə kreartivliklər görməmişəm. Çox istəyərdim ki, bu yanaşma Ağdamda da tətbiq edilsin. Məsələn; 2-ci yaşayış məhəlləsinin tikildiyi yerdə, Çörək Muzeyi ilə üzbəüz istiqamətdə ötən əsrin əvvəlindən qalmış şərab zavodunun qalıqları vardı, onun qalın divarlardan ibarət yeraltı quyuları da bu günədək gəlib çıxmışdı. Bir hissəsinin üzərini şüşə ilə bağlayıb tarixin bir parçası kimi saxlamaq olardı. Başqa misallar da çəkmək olar.
Ümumiyyətlə, 28 illik işğal bizim daim xatırlamalı olduğumuz dövrdür, unutmamaq boynumuzun borcudur. Azad olunmuş torpaqlarda hər məhəllədə onun izlərini saxlamaq lazımdır ki, gənc nəsil xalqımızın başına gətirilənlərin cüzi hissəsini də olsa, gözü ilə görsün və hər yeni doğulan uşaq dili söz tutanda sual versin ki, bu nədir, bu ev niyə uçuqdur, bu, nəyin qalıqlarıdır və s. Həm də turistləq üçün lazımlı informasiya mənbəyidir.
Ayrıca deyim ki, Horovlunun layihələndirməsi də xoşuma gəldi. Genişdir, sıxlıq deyil. Evlərin yardımçı tikilisi var. Hər halda dron görüntülərindən belə hiss olunur. Orada yaşayacaq hər kəsə cansağlığı və xoş günlər arzu edirəm.
Qulu Məhərrəmli, professor:
- İran prezidenti M.Pezeşkian Azərbaycana yönəli dostluq siyasətini və Zəngəzur dəhlizi ilə bağlı xoşməramlı mövqeyini bir daha təsdiq edib. Dünən "Hökumət həftəsi" çərçivəsində etdiyi çıxışda onun siyasətini tənqid edənlərə kəskin cavab verən Pezeşkian deyib ki, Azərbaycan bizə qardaş ölkədir, ona görə Bakı ilə düşmənçiliyi kənara qoyub dostluq etməliyik...
Saleh Bağırov, jurnalist:
- Əsrarəngiz balet gecəsi.
Görkəmli bəstəkar, ictimai siyasi xadim, Xalq artisti Polad Bülbüloğlunun Dədə Qorqud dastanının motivləri əsasında bəstələdiyi "Eşq və ölüm" baletinin nümayişi.
Dünyanın ən mötəbər səhnələrində oynanılan əsər baletmeystr Nadejda Malıgina tərəfindən səhnəyə qoyulub. Bu il baletin 20 illik, müəllifin isə 80 illik yubiley tarixləridir.
Unudulmaz tamaşa və yaşatdıqları emosiyalara görə bütün truppaya dərin təşəkkür və alqış. Nə qədər mükəmməl balet artistlərimiz var. Əziz Polad müəllimi ürəkdən təbrik edir və sönməz yaradıcılığında, fəaliyyətində bol uğurlar diləyirəm.
Aqşin Yenisey, şair:
- Türkiyənin MİT başkanı İbrahim Kalın, mənə görə, dövrümüzün Qəzzalisidir. Çox intellektual adamdır. Ankarada yaşadığım illərdə kitablarını oxuyurdum.
İslam fəlsəfəsini mükəmməl şərh edir. Tez-tez irfani bir sima ilə müsahibələr verib insanın özündən aşağıda olanlar üçün deyil, özündən yuxarıda olanlar üçün yaradıldığını, buna görə də bütün diqqətini bu dünyanın müvəqqəti həzlərindən ayırıb başqa, məlum olmayan aləmlərdəki əbədi zövqlərinə yönəltməsindən danışır.
İslamın ruh fəlsəfəsi də eynən bunu söyləyir. İslam ruha nədən bu qədər önəm verir? Həqiqətənmi bizim əbədi həyatımızı düşünür?
İslam din olaraq peyğəmbəri hökmdar olan və ölümündən sonra gətirdiyi din uğrunda deyil, qurduğu dövlət uğrunda saysız-hesabsız saray intriqaları miras qoyub getmiş bir dindir. Yəni islam bir dövlət dinidir.
Dövlətin əsas vəzifəsi nədir? Vətəndaşın rifahını yaxşılaşdırmaq. Bunun iki yolu var: ya güclü iqtisadiyyat quracaqsan, ya da onu əvəz edən bir illuziya uyduracaqsan.
İslam iqtisadi baxımdan əlverişsiz bir coğrafiyada ortaya çıxmışdı. Özünün fiziki güc qaynağı olan kasıb və yoxsul əhalini rifahla təmin etməsi çətin idi. Ona görə də əksər iqtisadçıların da yazdıqları kimi, islam iqtisadiyyatı daha çox qənaətə əsaslanırdı. İsraf etmə, ehtiyacın qədər qazan və xərclə.
Hətta peyğəmbərin gündə bir xurma ilə yetindiyi haqqında məşhur bir deyim də var. Bir buğda dənəsi ilə yeddi il yaşayan Süleymanın sufi qarışqası filan... Say-say bitməz.
Amma bu qənaət iqtisadiyyatının daha inandırıcı bir fəlsəfəsi olmalıydı. Bax onda islam fəlsəfəsi bədənin ehtiyaclarını aşağılayıb diqqəti ruhun ehtiyaclarının üzərinə yönəltdi. Utopik bir rifah uydurdu. Ortaya təsəvvüf adlı bir ruh iqtisadiyyatı çıxdı.
Yəni islamın ruh fəlsəfəsi, əslində, ruh iqtisadiyyatıdır. Təsəvvüf, irfan fəlsəfəsi iqtisadi rifahı əvəz edən bir səadət illuziyasıdır. Maraqlıdır, amma həqiqət deyil.
Mişel Fukonun bioiqtidar anlayışı da bunu izah edir. Dini dövlət bədənlərə nəzarət etmək üçün ruha azadlıq verirdi, modern dövlətlər bədənlərə azadlıq verirlər ki, ruhu nəzarətdə saxlasınlar.
Mövlana ilə Fukonun yolu da burada ayrılır. Mövlana deyir: "Bədən ruhun həbsxanasıdır". Fuko rədd edir və deyir, "xeyr, ruh bədənin həbsxanasıdır". Çünki Fukonun çağında dövlət insan ruhunu bədənin rifahı vasitəsilə nəzarətdə, daha doğrusu, əsarətdə saxlaya bilir.
Əlbəttə, insan mənəvi varlıqdır, amma yalnız mənəvi varlıq deyil. İbrahim abi vəzifəsi gərəyi məsələni çox abartır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.
 
                        