AZ

"Qida dəyəri baxımından fərqlər var" - EKSPERT AÇIQLADI

"Qida dəyəri baxımından fərqlər var. Kənd məhsulları (ev, bağ, təbii üsulla yetişən) və market məhsulları (kommersiya istehsalı) arasında əsas fərqlər bunlardır". Bu sözləri SİA-ya açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov deyib.

Onun sözlərinə görə, əgər torpaq münbitdirsə və təbii gübrə ilə becərilibsə, kənd məhsulları daha çox qida maddəsi saxlaya bilər: "Sənaye gübrələri və pestisidlər səbəbilə bəzən vitamin və mineral miqdarı az ola bilər. Dad və aroma baxımından, kənd məhsulları daha güclü və təbii dad və qoxuya malikdir, çünki az su ilə və daha yavaş yetişirlər. Sənaye üsulu ilə yetişdirilən məhsullarda tez yetişdirmə və saxlanma prosesləri dadın zəifləməsinə səbəb ola bilər. Saxlanma və təravət məsələsində isə kənd məhsulları qısaömürlüdür və tez xarab olur; bu, təbii olduğunun göstəricisidir. Sənaye üsulu ilə istehsal olunan məhsullar isə uzunömürlüdür, çünki konservantlar və soyuducu texnologiyalar tətbiq olunur.

“Kənd məhsulu həmişə daha yaxşıdır” demək düzgün deyil. Kənd məhsulu daha təbii ola bilər, amma daha təhlükəsiz və ya daha qidalı olması torpaq, su, saxlama şəraiti və istehsalçıdan asılıdır. Düzgün becərilmiş, təbii gübrə ilə yetişdirilən və təzə yığılmış kənd məhsulu daha çox vitamin, antioksidant və dad verir. Orqanik (kənd tipli) məhsulların antioksidant miqdarı orta hesabla 20–40% çox olur. Ən böyük fərq kimyəvi qalıqların miqdarı və dad keyfiyyətindədir. Kənd məhsulu əgər gigiyenik şəraitdə və təbii üsulla yetişibsə, market məhsuluna nisbətən daha faydalı ola bilər. Amma “kənd məhsulu” adı avtomatik olaraq sağlamlıq zəmanəti demək deyil — mənşəyi, şəraiti və etibarlılığı önəmlidir".

Müəllif: Günel Fərzəliyeva
Seçilən
38
sia.az

1Mənbələr