AZ

Ziyarətçiləri cəlb edən təbiət hadisəsi: Palçıq vulkanları – Mediatur

Bakı, 31 oktyabr, Gülay Nəzərova, AZƏRTAC

Küləkli hava, uzaqdan görünən boz təpələr və torpağın səthində vaxtaşırı püskürən palçıq vulkanları...Media nümayəndələrinin budəfəki ünvanı Qobustanın ən fərqli məkanlarından biri olan Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki Palçıq Vulkanları Turizm Kompleksi idi. Oktyabrın 31-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilən səfər həm təbiətin bu nadir hadisəsini yaxından görmək, həm də burada yaradılan yeni turizm imkanları ilə tanış olmaq məqsədi daşıyırdı.

AZƏRTAC-ın müxbiri səfər zamanı əldə olunan təəssüratlar və təqdim edilən məlumatlar əsasında hazırladığı reportajı oxuculara təqdim edir.

Səfər zamanı media nümayəndələri kompleksin girişindən başlayaraq yaradılan infrastrukturla tanış olub. Müşahidə platformaları, istirahət yerləri və məlumat guşələri ziyarətçilərə həm rahatlıq, həm də maarifləndirici məlumatlar təqdim edir.

Təqdimat zamanı Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli kompleksdə son illər həyata keçirilən yeniliklər barədə məlumat verib. Bildirilib ki, palçıq vulkanlarının turizm potensialının artırılması məqsədilə yeni müşahidə guşələri, istirahət və foto zonaları yaradılıb. Burada, həmçinin ərazinin ekoloji vəziyyəti qorunmaqla, turistlərin rahat hərəkəti üçün yollar salınıb, maarifləndirici stendlər quraşdırılıb.

2025-ci ilin doqquz ayı ərzində kompleks və digər qoruq müəssisələrini ziyarət edənlərin sayı əvvəlki illərlə müqayisədə xeyli artıb. Qeyd edilib ki, bu artım əsasən yeni turizm marşrutları, genişlənmiş infrastruktur və maarifləndirici fəaliyyətlərin sayəsində mümkün olub.

Səfər çərçivəsində media nümayəndələri, həmçinin Palçıq Vulkanları Turizm Kompleksində ekoturizm və təbiət təcrübəsi proqramları ilə tanış olublar. Qonaqlar üçün nəzərdə tutulmuş interaktiv marşrutlar, təlimatlar və bələdçi xidmətləri turistlərə həm əyləncəli, həm də maarifləndirici təcrübə təqdim edir.

Əlavə olaraq, media nümayəndələri Təbiət Tarixi Sərgisi ilə də tanış olublar. Sərgidə eksponatların zənginliyi, heyvan skeletləri və cam vitrində nümayiş olunan orijinal eksponatlar diqqət çəkirdi.

Kompleksin nümayəndələri vurğulayıblar ki, belə səfərlər yalnız turistlərin məlumatlandırılması üçün deyil, həm də ərazinin ekoloji və mədəni dəyərlərinin qorunmasına xidmət edir.

Hər bir addımda təbiətin və torpaq vulkanlarının aktivliyi hiss olunurdu, bu isə ziyarətçilərə həm vizual, həm də emosional təcrübə bəxş edirdi.

Səfər yekununda jurnalistlər, kompleksdə həyata keçirilən layihələr, gələcək turizm imkanları, ekoloji proqramlar və Təbiət Tarixi Sərgisi barədə əlavə məlumat əldə ediblər.

Palçıq Vulkanları Turizm Kompleksi artıq sadəcə təbiət hadisəsi deyil, həm də öyrənmək, hiss etmək və təbiət ilə birbaşa təmas yaratmaq üçün açıq bir məkandır.

Seçilən
19
1
azertag.az

2Mənbələr