ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Nikah qeydiyyatı zamanı valideynlərlə bağlı sənədlərin təqdim olunması standart prosedurlardandır. Lakin cütlüyün hər iki tərəfinin valideynləri vəfat edibsə, bu halda hansı sənədin tələb olunduğu ilə bağlı qeyri-müəyyənliklər mövcuddur.
Xüsusilə də övladın vəfat etmiş valideyninin adına ölüm şəhadətnaməsi almaq hüququ məsələsi cəmiyyətdə suallar doğurur və bu mövzu ətrafında fərqli yanaşmalar səsləndirilir.
Bəs cütlüyün valideynləri vəfat edibsə, prosses necə həyata keçirilir?
Məsələ ilə bağlı "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib ki, məlumatı əldə etmək mümkün olmadıqda valideynlərinin doğum haqqında şəhadətnamələrin surəti nikaha daxil olmaq haqqında ərizəyə əlavə edilir:
“Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 3.3-cü bəndinə əsasən nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq əlaqələrinin mövcud olması qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə yoxlanılır.
Bu məlumatların informasiya sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda nikaha daxil olmaq istəyən şəxslərin və onların valideynlərinin doğumu haqqında şəhadətnamələrin surəti nikaha daxil olmaq haqqında ərizəyə əlavə edilir”.
Qeyd edilib ki, nikaha daxil olmaq istəyən şəxslər valideynlərinin doğumu haqqında şəhadətnamələri təqdim edə bilmədikdə, qeydiyyat orqanı müvafiq akt qeydlərinin əldə edilməsi üçün tədbir görür:
“Akt qeydləri valideynlərin doğulduğu yer üzrə qeydiyyat şöbəsindən istənilir, bu, mümkün olmadıqda valideynlərin doğumu və valideynlər barədə digər sənədlərin əldə olunması üçün tədbir görülür.
Nikaha daxil olmaq istəyən şəxslər valideynlərinin doğumu haqqında sənədləri yalnız onların notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında əldə edə bilərlər. Valideynlər vəfat etdiyi halda isə müvafiq arayışlar nikaha daxil olmaq istəyən şəxslərə təqdim oluna bilər”.
Gülər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
 
                        