Bakı, 31 oktyabr, AZƏRTAC
Türkiyə millisinin sabiq futbolçusu, karyersı ərzində “Bavariya”, “Şalke”, “Real Madrid” və “Qalatasaray” kimi tanınmış komandalarda çıxış etmiş Hamit Altıntop AZƏRTAC-a eksklüziv müsahibə verib.
- Sizin AFFA-da işləyəcəyin haqqında xəbərlər var. Marqlıdır, bununla bağlı federasiya ilə danışıqlarınız olub?
- İstər Türkiyə Futbol Federasiyasında (TFF) işlədiyim vaxtlarda, istərsə də ondan sonrakı dönəmdə Azərbaycandakı futbol rəsmiləri (AFFA) ilə daim əlaqə saxlayırıq. Bilik və təcrübəmi bölüşməkdən, xüsusən də gənc oyunçuların inkişafına dəstək olmaqdan həmişə məmnun olaram. Qardaş ölkəyik və orada futbolu inkişaf etdirmək kimi hədəfim ola bilər. Axı biz hamımız eyni mədəniyyətin və futbol ailəsinin bir hissəsiyik. Ancaq Azərbaycan futboluna göstərdiyim hörməti və marağımı hər fürsətdə vurğulayıram. Hazırda isə heç bir rəsmi əməkdaşlıq gündəmdə deyil. Mən inanıram ki, 5 illik plan qurub yaxşı məşçilər yetişdirmək və futbolçu seçimlərini uğurla etmək olar. Bu da ölkə futboluna fayda verəcək. Mənim keçmiş komanda yoldaşım və hazırda Gürcüstan Futbol Federasiyasının prezidenti olan Levan Kobiaşvilinin düzgün startegiyası sayəsində ölkəsinin milli komandası yüksək nəticələr qazanmağa başladı. Bunu doğru sistemlə Azərbaycan da edə bilər. Çünki potensialnız var. Mədəniyyətinizi, adət ənənənizi, ümumiyyətlə ökənizi yaxşı tanıyıram. Azərbaycana kömək edə biləcəyimə inanıram. Mən Azərbaycanı Türkiyədən ayırmıram. İndiki Türkiyə yığması bizim zamanımızda formalaşıb.
- Azərbaycan millisinin oyunlarınız izləyirsinizmi?
- Bəli, milli komandanızı yaxından izləyirəm. Yığmanın uğuru səbir və ardıcıllıq tələb edir. Fernandu Santuş kimi böyük məşqçinin çətin günlər yaşaması normaldır. İndiki mütəxəssis Ayxan Abbasovun yerli olması çox önəmlidir. Çünki futbolçuların psixologiyasını və dinamikasını yaxşı bilir. Azərbaycan millisində inkişaf istəyi və yeni nəslin enerjisi hiss olunur. Əgər bu düzgün idarə olunarsa, nəticələr mütləq gələcək.
- Uzun illərdir “Qarabağ” komandası Azərbaycanı Avropada uğurlu şəkildə təmsil edir. Ağdam klubu haqqında fikirləriniz maraqlıdır...
- “Qarabağ” uzun müddətdir Azərbaycanı Avropada layiqincə təmsil edir. Həm ölkənizin, həm də Türkiyənin qüruru olub. Nəticələr adamı qürurlandırır. Klub olaraq sistemli struktur qurublar və ildən-ilə təkmilləşdirməkdə davam edirlər. Onların növbəti görüşü İngilərə təmsilçisi "Çelsi"yə qarşı olacaq. London komandasına qarşı oynamaq böyük fürsət və yaxşı təcrübədir. Nəticəsindən asılı olmayaraq, bu yerdə olmaq ölkə futbolunun nüfuzunu artırır. Deyərdim ki, “Qarabağ” bir çox Avropa komandasına da nümunədir.
- Hazırda “Fənərbağça”da çıxış edən Türkiyə millisinin sabiq futbolçusu Cenk Tosun “Neftçi”də oynamaq istədiyini ifadə edib. Sizcə, onun transferi “ağ-qaralar”a fayda verə bilər?
- Cenk həm Türkiyədə, həm də Avropada ciddi təcrübə qazanmış futbolçudur. Transfer reallaşarsa, bu, təkcə meydanda deyil, paltardəyişmə otağında da “Neftçi”yə ciddi töhfə olar. Bu cür keçidlər həm liqanı gücləndirər, həm də gənc futbolçuları ruhlandırar.
- Futbol oynadığınız dönəmdə Azərbaycan klublarından təklif almısınız?
- O vaxtlar bir neçə dəfə dostcasına söhbətlər olub, lakin rəsmi təklif almamışam. Ötən illərlə müqayisədə Azərbaycan futbolunun əldə etdiyi irəliləyişləri görmək həqiqətən də ürəkaçandır. İnfrastruktur, idman qurğuları və təşkilatçılıq baxımından əhəmiyyətli inkişaf var.
- Avro-2012-nin seçmə məshələsində Bakıda Azərbaycan millisinə 0:1 hesabı ilə məğlub olmuşdunuz. Həmin görüşün iştirakçısı kimi xatirələriniz necədir?
- Həmin matçı çox yaxşı xatırlayıram. Azərbaycan oyuna əla hazırlaşmışdı və onların künc zərbəsindən sonra vurduğu qolu xüsusilə vurğulamaq istəyirəm. Yığmanın almaniyalı baş məşqçisi Berti Foqtsun intizamı və iş etikası meydanda özünü büruzə verirdi. Azarkeşlərin dəstəyi inanılmaz idi. Futbolun qardaşlıq tərəfini o gün çox aydın hiss etdim.
 
                        