“Roma” klubunun direktoru Frederik Massara komandanın iki aparıcı futbolçusu — Paulo Dibala və Lorentso Pelleqrini ilə yeni müqavilə danışıqlarının hələ başlamadığını etiraf edib.
90deqiqe.Az “Football Italia”ya istinadən xəbər verir ki, Massaranın sözlərinə görə, hər iki oyunçunun “Roma” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq:
“Biz vəziyyətdən xəbərdarıq, lakin hazırda bütün diqqətimizi oyunlara yönəltmişik. Müqaviləsi başa çatan futbolçular klub qarşısında yüksək peşəkarlıq və sadiqlik nümayiş etdirirlər. Hazırda onlarla danışıqlara başlamamışıq”
31 yaşlı Paulo Dibala bu mövsüm 8 matçda 2 qol vurub və 1 qolun ötürməsini verib. O, 2022-ci ilin yayında “Yuventus”la müqaviləsinin bitməsinin ardından “Roma”ya azad agent kimi keçib.
Klubun yetirməsi olan Lorentso Pelleqrini isə bu mövsüm 5 görüşdə iştirak edib və “Latsio”ya qarşı oyunda komandasına qələbə qazandıran qolu vurub. Futbolçu may–avqust ayları ərzində zədə səbəbindən komandadan kənarda qalıb.
Massara həmçinin bildirib ki, hazırda A Seriyasında ikinci yerdə qərarlaşan klub maliyyə məhdudiyyətlərinə görə yanvar transfer pəncərəsində böyük alış-veriş planlaşdırmır.