AZ

Akademik Nizami Cəfərov: Birinci Türkoloji Qurultayın ideyaları tam həyata keçməyib MÜSAHİBƏ

Bakı, 31 oktyabr, Gözəl Ağayeva, AZƏRTAC

AZƏRTAC Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyi ilə əlaqədar silsilə materialları Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiri akademik Nizami Cəfərovun müsahibəsi ilə davam etdirir.

-Nizami müəllim, Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illiyinin keçirilməsi ilə bağlı Sərəncamı türkoloq, filoloq alimlərin qarşısında hansı vəzifələri qoyur?

- Möhtərəm Prezidentimizin bu Sərəncamı yalnız Türk dünyasında indiyə qədər aparılmış araşdırmaları qiymətləndirmək baxımından deyil, həmçinin perspektivlərin müəyyənləşdirilməsi baxımından önəmlidir. Bu perspektivlərin müəyyənləşdirilməsi daha çox onunla şərtlənir ki, Türk dünyasının liderlərindən biri olan Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın nə qədər böyük tarixi əhəmiyyət daşıdığını göstərir və orada aparılmış müzakirələrin davam etdirilməsini, yəni hansı məsələlər həll olunmayıbsa, onların həll edilməsini, araşdırılmasını qarşıya məqsəd qoyub. Türkologiya təkcə Azərbaycan miqyasında bir elm deyil. Amma Birinci Türkoloji Qurultayın məhz Azərbaycanda keçirilməsi, ölkəmizin türkologiyanın mərkəzlərindən biri kimi formalaşması və bu gün də ən inkişaf etmiş mərkəzlərindən biri olması onu göstərir ki, Qurultayın yubileyinin keçirilməsi sadəcə anma tədbiri deyil, həm də türkoloqları bir növ səfərbər etməyə ideoloji meydan açır. Vaxtilə istər Azərbaycanda, istərsə də digər türk ölkələrində, xüsusilə postsovet məkanında rəhbərlər türkoloji sahəyə münasibətdə bir az korrektiv olmağa çalışırdılar: yəni elə qərarlar qəbul olunsun, elə işlər görülsün ki, bu, imperialist qüvvələri narahat etməsin. İndi də həmin imperialist qüvvələr mövcuddur və indi də Türk dünyasına münasibətdə qısqanc mövqedə duranlar var. Lakin Azərbaycan dövlətinin də, digər türk dövlətlərinin də rəhbərləri indi artıq kifayət qədər ciddi qərarlar verirlər, bu isə həm Azərbaycanda, həm Türk dünyasında, həm də dünyada türkologiyanın inkişafı üçün çox mühüm şərtdir.

Birinci Türkoloji Qurultayın 100 illiyi bir növ istinad nöqtəsidir. Bu, həmçinin ona görə vacibdir ki, Azərbaycanda da, Türk dünyasının başqa yerlərində də həmin Qurultaya qeyri-ciddi mövqedən yanaşanlar var. Həmin adamlar elə düşünürlər ki, Birinci Türkoloji Qurultayı sovet hakimiyyəti türkləri bir yerə yığmaq, onların mövqelərini, mülahizələrini öyrənmək və sonra onları cəzalandırmaq üçün keçirmişdi. Amma belə deyildi. Birinci Türkoloji Qurultay türk xalqlarının tarixində ən səmimi məclislərdən biri idi. Elə bir elmi-praktik məsələ olmayıb ki, Birinci Türkoloji Qurultayda müzakirə edilməsin: əlifba, orfoqrafiya, terminologiya məsələləri və s. Çünki türklər bu barədə on illər boyunca düşünürdülər. Həmin on illərin düşüncələri gətirib Birinci Türkoloji Qurultayın keçirilməsini vacib etmişdi. Prezidentin Sərəncamı da göstərir ki, o cür düşünənlər, indiyə qədər ancaq Türkoloji Qurultayı repressiya ilə əlaqələndirənlər bir qədər düşünsünlər, daha dərindən düşünsünlər.

- Həmin Qurultayda irəli sürülmüş ideyaların hansı həyata keçib, hansı isə bu gün aktualdır?

- Demək olar ki, heç bir ideya tam həyata keçməyib. Məsələn, Qurultay ilk növbədə ona görə keçirildi ki, latın qrafikalı yeni əlifba qəbul olunsun. Qəbul olundu. Lakin çox keçmədi ki, Kirill əlifbasına keçildi. Sovet hökuməti 30-cu illərin əvvəllərindən başlayaraq anladı ki, dünya kommunist hərəkatının qələbəsi barədə düşünmək mənasızdır. Əvvəllər düşünürdülər ki, Rusiyadan başlayan inqilab dünyada kommunist hərəkatı yaradacaq və bütün dünya latın əlifbasına keçəcək. Amma gördülər ki, dünya belə bir məsələ barədə heç düşünmür də. Ona görə də yenidən qayıtdılar rus sosializminə və Kirill əlifbasına. İndi də türk xalqlarının müəyyən hissəsi, məsələn, qazaxlar, qırğızlar Kirill əlifbasında yazırlar. Halbuki biz Türk Dünyası Ortaq Əlifba Komissiyası olaraq həm ümumtürk səviyyəsində, həm də dövləti olan türk xalqlarının hər birinin öz ədəbi dili səviyyəsində o əlifbanı yaratmışıq. Ortaq Türk Əlifbası yaradılıb. Qazax da, Qırğız da bilir ki, sabah bu əlifbada yazanda hansı hərflərdən istifadə edəcək. Amma hələ ki onun qarşısını alırlar, imperialist maraqlar buna imkan vermir. Bax, görürsünüz, Birinci Türkoloji Qurultayın ən mühüm ideyası hələ ki tam həyata keçirilməyib. Bununla yanaşı, orfoqrafiya, terminologiya məsələlərində, ümumi türk tarixinin, ümumi türk ədəbiyyatının öyrənilməsi sahələrində də problemlər var. Bəzən deyirlər ki, ümumi ədəbi dil yaratmalıyıq. Biz bunu yaratmamalıyıq, türk dillərindən biri ortaq ünsiyyət vasitəsi kimi işlənməlidir. Hazırda ümumi türkoloji fikir belədir ki, bu funksiyanı Türkiyə türkcəsi yerinə yetirməyə başlayıb. Amma Türkiyə türkcəsi türk dillərini əvəz etmir, heç bir türk dilinə təzyiq göstərmir və göstərməyəcək də. Məsələn, deyək ki, sabah azərbaycanlılar, özbəklər, qazaxlar, qırğızlar, tatarlar, başqırdlar daxildə Türkiyə türkcəsində danışacaqlar - bu, mümkün deyil. Çünki bu xalqların hər birinin ədəbi dili var. Onların şifahi xalq ədəbiyyatı, eposları, yazılı ədəbiyyat təcrübələri var. Ona görə də Birinci Türkoloji Qurultayın 100 illik yubileyini keçirmək, eyni zamanda, bu problemlərlə həm elmi, həm də praktik şəkildə məşğul olmaq deməkdir.

Niyə Birinci Türkoloji Qurultayda aparılmış müzakirələrə biz daha yüksək mövqedən baxa bilərik? Çünki bütün Türk dünyasında türkologiya elmi inkişaf edib. Vaxtilə türkoloqlar baxırdılar ki, görək alman, fransız, rus türkoloqları nə deyirlər. Bu gün nə Azərbaycan, nə Türkiyə, nə də özbək türkoloqunun alman, fransız, rus türkoloqunun məsləhətinə ehtiyacı yoxdur. Türkologiyanın tarixini öyrənməyə onların ehtiyacı var. Böyük türkoloqlar vaxtilə olub, biz onları həmişə öyrənmişik, indi də öyrənirik. Amma bu gün dünyada türkoloq olmaq istəyən qeyri-türk millətinin nümayəndəsi türkologiyanı bizdən öyrənir. Biz öz problemlərimizi elmi-nəzəri baxımından öz mütəxəssislərimiz vasitəsilə həll etməyə qadirik. Eyni zamanda, Türk dünyasında yeni bir qurum yaranıb – bu, Türk Dövlətləri Təşkilatıdır.

- Birinci Türkoloji Qurultayın qərarları bu gün Türk Dövlətləri Təşkilatının fəaliyyətinin ideoloji əsasları ilə səsləşirmi?

-Təbii ki, səsləşir. Türk Dövlətləri Təşkilatı Türk dünyasının birliyini müdafiə edən möhtəşəm bir qurumdur. Bu təşkilatda hələlik müstəqil türk dövlətlərinin başçıları birləşirlər və ilk növbədə müstəqil dövləti olan türk xalqlarının taleyi ilə bağlı mədəni, iqtisadi, siyasi, ideoloji məsələləri həll edirlər. Amma Türk dünyası yalnız bu dövlətlərdən ibarət deyil. Yəni Türk dünyası həm də tatarları, başqırdları, yakutları, çuvaşları və başqalarını əhatə edir. Birinci Türkoloji Qurultayın 100 illiyi onlara da aiddir. Çünki onların nümayəndələri qurultayda çox fəallıq göstərmişlər. Məsələn, Krım tatarları 10-dək nümayəndə ilə Qurultayda iştirak etmişlər. Bu gün həmin xalqların haqqı var ki, öz gələcəkləri uğrunda mübarizədə ümumən türklərin qəbul etmiş olduqları və onların da o zaman iştirak etmiş olduqları o təhlillərdən istifadə etsinlər.

Onu da deyim ki, Birinci Türkoloji Qurultay daha çox elmi-praktik hadisə idi, orada siyasət arxada dayanırdı. Qurultayda siyasət adına məsuliyyəti öz üzərinə sovet hakimiyyəti götürmüşdü. Sovet hakimiyyəti o zaman türk xalqlarının inkişafına, yeni təhsil sisteminə keçməsinə kömək etmək arzusunda idi. Əgər bu olmasaydı, türk xalqlarının nümayəndələrinin Bakıya toplaşması, 10 gün ərzində 17 iclas keçirməsi, iclaslar arasında görüşərək bir-birinin problemləri ilə maraqlanması, Qurultayda ayrı-ayrı ideyaların toqquşmasına yol verilməsi kimi imkanlar olmazdı. Buna görə də bu Qurultayın səlahiyyətini bilməliyik, dərk etməliyik.

- Gələcəkdə Türkoloji Qurultay keçirilə bilərmi?

-Türkoloji qurultaylar sonralar keçirildi, lakin onların heç biri Birinci Türkoloji Qurultay miqyasında olmadı. Belə qurultaylar daha çox Ankarada keçirildi. Ötən əsrin 30-cu, 40-cı, 50-ci və sonrakı illərində keçirilmiş qurultaylar daha çox Türkiyə miqyasında idi. Düzdür, müxtəlif türk respublikalarından dəvət edirdilər. Bizim görkəmli alimlərimiz o zaman Türk Dil Qurumunun üzvləri idilər və o qurultaylarda onların iştirakına müəyyən maneələr olsa da, bu iştirakdan tam imtina edilməmişdi. Lakin elə Moskvanın özündə, Daşkənddə, Bişkekdə, Alma-Atıda və türk muxtar respublikalarının paytaxtlarında da görüşlər keçirilirdi. Amma Birinci Türkoloji Qurultay tamam ayrı miqyasda idi. Orada, həmçinin qərara alınmışdı ki, növbəti Qurultay Səmərqənddə keçirilsin. O zaman Səmərqənd Özbəkistanın paytaxtı idi. Lakin keçirilmədi. Bununla bağlı bir çox mülahizələr var. Məsələn, Bakıda keçirilmiş Qurultay sovet hakimiyyətinin qoyduğu ideoloji tələblərə cavab vermədi və türklərin bir yerdə toplanmasını qısqandılar və s. Amma mənə elə gəlir ki, Birinci Türkoloji Qurultayın qərarları o qədər miqyaslı, irəli sürdüyü təkliflər o qədər geniş oldu ki, bütün bunları həyata keçirənədək və onun ən böyük qərarı olan yeni əlifbaya keçmək məsələsi gerçəkləşənə qədər vaxt məsafəsi uzandı, nəticə etibarilə sovet hakimiyyəti də öz xarakterini, simasını dəyişdi və ona görə də Qurultayı keçirməyə, ümumiyyətlə, ehtiyac olmadı. Adam düşünür ki, biz türk xalqları həmin mövzularda ikinci bir qurultay keçirsək, orada hansı məsələlərdən danışacağıq? Fikrimcə, biz bu suala Qurultayın yubileyinin keçirildiyi günlərdə, yubiley ərəfəsindəki mühitdə cavab verməli olacağıq.

- Gənc tədqiqatçılar üçün türkologiyada hansı yeni istiqamətlər var?

- İstiqamətlər çoxdur. Xüsusilə onu demək istəyirəm ki, türkologiya daha çox dilçilik elmi olub, qismən folklorşünaslıqla kifayətlənib. Artıq gənc nəsil türkoloqlar humanitar elmlərin bütün sahələrində yetişirlər. Məsələn, tarixin türkologiyası, ədəbiyyatın başqa sahələri üzrə türkologiya, yazılı ədəbiyyat məsələlərində türkologiya, incəsənətdə türkologiya. Son zamanlar musiqi türkologiyası ilə məşğul olunur. Yəni gənclərin bu sahəyə münasibəti ciddi əhəmiyyət daşımağa başlayıb. Bu sahələrin hər biri inkişaf etməlidir. Bir də ümumiyyətlə, elmin inkişaf paradiqmaları var. Bunlar müqayisəli elm paradiqması, sistem-struktur paradiqması, antroposentrik elm paradiqmasıdır. Bu paradiqmaların hər biri türkologiyaya təsir edir, təsir etməlidir və öz izini qoymalıdır ki, biz türkoloji sahədə müasir elmin, müasir təfəkkürün, müasir düşüncənin qarşımızda qoyduğu tələbələrlə düşünə bilək.

Seçilən
108
1
azertag.az

2Mənbələr