"Football-plus.az" xəbər verir ki, 38 yaşlı argentinalı “İnter Mayami” ilə müqavilə müddətini uzadıb. Artıq ABŞ klubu bununla bağlı xəbər yayıb.
Klubun sahibi Xorxe Mas olayı belə şərh edib:
“Fanatlarımıza vəd etmişdik ki, bu klubu qurmaqla daha böyük hədəflərə çatmağı arzulayırıq. Leo ilə müqavilənin müddətinin uzadılması möhtəşəm şəhərimizə hədiyyədi. “Mayami Fridom Park”da yeni fəsillər yazmaq imkanını səbirsizliklə gözləyirik. Birlikdə qurub-yaradacaq və arzulayacağıq”.
“İnter”in həmsahibi Devid Bekhem də danışıb:
“Ən yaxşıları “İnter Mayami”yə və bu şəhərə cəlb etməyə çalışırdıq. Bunu da etdik. Bura nə vaxtsa futbol oynayanlar arasından ən yaxşısını gətirdik. Bu, Mayamiyə sadiqliyimizi göstərir, ancaq həm də Leonun şəhərə, kluba və futbola sadiqliyini. O hələ də bizi sevir, hələ də qələbə qazanmaq istəyir. Klubun sahibləri kimi Leonun burda olmasına görə çox sevinirik. O, futbolun dəlisidi, ölkəmizdə bu oyunun inkişafı üçün çox şey edib, gənc istedadların növbəti nəsillərini ruhlandırıb”.
Leo da müqaviləni yeniləməsindən razıdı:
 “Burda qaldığıma, layihəni davam etdirdiyimə görə çox şadam. Bu layihə təkcə arzu yox, həm də gözəl reallıqdı. Mayamidə olduğum ilk gündən bəri xoşbəxtəm. Burda oynamaq imkanını davam etdirdiyimə görə də çox sevinirəm. Nəhayət, yeni stadionda oynamağa başlayacağımız anı səbirsizliklə gözləyirik. Evdə - belə möhtəşəm stadionda oynamaq xüsusi hisslər bəxş edəcək”.
Messinin yeni müqaviləyə görə nə qədər qazanacağı hələ bəlli deyil. “Forbes” nəşri argentinalı hücumçunun 2025-ci ildəki qazancını 130 milyon dollar həcmində dəyərləndirib. Analitiklərin fikrincə, çətin ki, qarşıdakı illərdə bu məbləğ azala.
Xatırladaq ki, Leo 2023-cü ildən “İnter Mayami”nin şərəfini qoruyur. Amerika komandasının heyətində Liqa kubokunu (2023) və MLS-in müntəzəm çempionatını (2024) qazanıb.
Müqavilə müddətinin uzadılması o deməkdi ki, Messi ən azı daha üç mövsüm oynayacaq. Və bu xəbər yüzdəyüz bir şəxsi çox qıcıqlandırır. Söhbət argentinalının əbədi-əzəli rəqibindən – Kriştiano Ronaldodan gedir. Axı 40 yaşlı portuqaliyalı indi inanılmaz hədəf uğrunda mübarizə aparır – karyerasında 1000-ci qolu vurmaq istəyir. Hələ ki forvardın hesabında 949 qol var, ancaq hər kəs anlayır ki, 1000-ə çatması, sadəcə, zaman məsələsidi. Onu da nəzərə alaq ki, Ronaldo da yaxınlarda “Əl-Nəssr” ilə müqavilə müddətini 2027-ci ilə qədər artırıb.
Hərçənd Messi də 1000-dən çox uzaqda deyil. Hazırda onun hesabında 889 qol, sərəncamında üç il var. Kriştianonun karyerasını bitirəndən sonra istirahətə çəkiləcəyini (həmin vaxt 42 yaşı olacaq) güman etsək, Leonun ixtiyarında fərqi azaltmaq və hətta artırmaq üçün ilyarım vaxt olacaq.
Odu ki, əfsanələrin yarışı davam edir. Futbol isə bundan yalnız qazana bilər.
 
                        