Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın Səmərqənd şəhərində keçirilən UNESCO-nun Baş Konfransının 43-cü sessiyasında çıxış edib.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.
Ceyhun Bayramov çıxışı zamanı Azərbaycanın UNESCO ilə tərəfdaşlığı, çoxtərəflilik və mədəni irsin qorunması istiqamətində fəaliyyətinə toxunub.
Nazir qardaş Özbəkistana 43-cü sessiyanın tarixi Səmərqənd şəhərində yüksək səviyyədə təşkili və səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirib.
O vurğulayıb ki, BMT Nizamnaməsinin və UNESCO Konstitusiyasının 80 illiyi çoxtərəfliliyin, sülhün və qlobal həmrəyliyin qorunmasının vacibliyini bir daha xatırladır.
Ceyhun Bayramov qeyd edib ki, Azərbaycanın UNESCO ilə tərəfdaşlığı mədəni irsin təşviqi, inklüziv təhsil, elm və mədəniyyətlərarası dialoqa əsaslanır. Azərbaycan UNESCO proqramlarını dəstəkləyir və “Prioritet Afrika” təşəbbüsünə hədəfli layihələr vasitəsilə töhfə verir.
2013-cü ildə imzalanmış Çərçivə Sazişi çərçivəsində yaradılan Azərbaycan–UNESCO Etimad Fondu qızların təhsili, gender bərabərliyi, savadlılıq və mədəni irsin qorunması ilə bağlı layihələri maliyyələşdirir.
Nazir həmçinin Azərbaycanın UNESCO-nun İcraiyyə Şurası tərəfindən dəstəklənmiş Bakı Prosesi və Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumu vasitəsilə mədəniyyətlər və dinlərarası anlayışın gücləndirilməsində qlobal liderliyini vurğulayıb.
Ceyhun Bayramov bildirib ki, Azərbaycanın işğal dövründə mədəni irsinə ciddi zərbə vurulub, hazırda isə abidələrin bərpası və qorunması istiqamətində genişmiqyaslı işlər aparılır.
O, həmçinin Heydər Əliyev Beynəlxalq Təqaüd Proqramı çərçivəsində İƏT, Qoşulmama Hərəkatı və Kiçik Ada Dövlətlərindən olan tələbələr üçün 500 təqaüd ayrıldığını xatırladıb.
Azərbaycanın UNESCO ilə “açıq elm”, “süni intellekt” və “elmi diplomatiya” sahələrində əməkdaşlığı etik innovasiyaları və biliklərə bərabər çıxışı təşviq edir.
Nazir çıxışının sonunda qeyd edib ki, UNESCO xalqlar arasında qarşılıqlı anlayış və əməkdaşlığın inkişafı üçün vacib platforma olaraq qalır:
“Azərbaycan mədəniyyətlər və nəsillər arasında körpülər qurmaq, heç bir xalqın və ya icmanın geridə qalmamasını təmin etməkdə qərarlıdır.”
 
                         
				