
Fransanın Lion şəhərində qiymətli metalların, əsasən qızılın emal edildiyi zavodda soyğunçuluq baş verib.
Reyting.az Fransa mediasına istinadla bildirir ki, bu barədə Lion Şəhər Qubernatorluğu məlumat yayıb.
Qeyd olunur ki, əsasən qızılın, qiymətli metalların sınaqdan keçirildiyi Lionun 7-ci rayonunun Gerland məhəlləsində yerləşən Pourquery laboratoriyası yerli vaxtla saat 14:00 radələrində beş silahlı şəxs tərəfindən soyğunçuluğa məruz qalıb.
Oğrular hadisə yerindən maşınla qaçmazdan əvvəl uzun lüləli silahlardan və “partlayıcı maddələrdən” istifadə ediblər.
Polisin təqibindən sonra oğrular tutulub və oğurlanmış metal tapılıb.
Soyğun zamanı Purquery laboratoriyasında iyirmi səkkiz nəfərin olduğu bildirilir, onlardan beşi yüngül xəsarət alıb.
Qeyd edək ki, Fransa son zamanlar muzey soyğunları ilə gündəmə gəlib. 19 oktyabrda Parisdəki dünyaca məşhur Luvr muzeyindən 88 milyon avro dəyərində səkkiz tarixi zərgərlik əşyası oğurlanıb.
V. QULİYEV