BAKI, 31 oktyabr. TELEQRAF
“Ənsarallah” Hərəkatı (husilər) BMT-yə daxil olan qurumlarda çalışan azı 43 yəmənlini məhkəməyə vermək niyyətindədir. Onlar İsrailin husilərin nəzarətində olan paytaxt Səna şəhərinə endirdiyi hava zərbələrinə yardım etməkdə ittiham olunurlar.
Teleqraf xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyinə husilərin xarici işlər naziri Əbdülvahid əbu Ras verib.
O bildirib ki, təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi bütün tədbirlər tam məhkəmə nəzarəti altında aparılıb: “Prokurorluq prosesin hər mərhələsindən xəbərdar idi. Hüquq-mühafizə orqanları bu işi məhkəmə baxışı və hökmə qədər aparacaqlar”.
Son günlərdə husilər azı altı BMT əməkdaşını saxlayıb və onların hələ də həbsdə olduğu deyilir. Oktyabrın ortalarında “Ənsarallah” qüvvələri Sənadakı BMT obyektinə icazəsiz daxil olaraq 5 yəmənli və 15 əcnəbini saxlamışdı, ardınca onların hamısı azadlığa buraxılmışdı. BMT-dən verilən məlumata görə, 2021-ci ildən bəri husilərin nəzarətində olan ərazilərdə ümumilikdə 59 BMT əməkdaşı saxlanılıb.