ain.az bildirir, Cebheinfo portalına istinadən.
Xəbər verildiyi kimi, ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev saxlanılıb.
O, korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində həbs olunub. İslam Rzayev son illərdə həbs olunan 10-cu icra başçısı olub.
Göründüyü kimi, ölkədə korrupsiya ilə məşğul olan məmurlara qarşı təmizləmə prosesi gedir. Şübhəsiz ki, bütün bunlardan nəticə çıxarmayan digər məmurları da eyni aqibət gözləyir.
Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, hər zaman ölkədə antikorrupsiya əməliyyatlarının keçirilməsinin tərəfdarı olub:

“Son dövrlər 10 icra başçısı həbs olunub. Üstəlik, hər birinin külli miqdarda korrupsiya əməlləri ortaya çıxıb. Bu məsələyə sistemli yanaşma lazımdır. Hesab edirəm ki, Azərbaycanın imicinə ağır zərbə vuran icra hakimiyyəti sistemi ləğv olunmalı və onların səlahiyyətləri bələdiyyələrə verilməlidir. Seçki ilə yolu ilə vəzifəyə gələnlər bir qədər haqqın tərəfdarı olurlar.
Çünki yaxşı işləməsələr, gələn dəfə seçilməyəcəklərini bilirlər. Üstəlik, yerli camaatın iştirakçılığı təmin edilməli və ictimai nəzarət güclü olmalıdır. İndi icra başçıları ictimai nəzarəti yaxına buraxmırlar. İcra başçıları ölkəni talamaqla məşğul olurlar”.
Siyasətçinin sözlərinə görə, icra başçıları işə təyin olunanda onlardan əmlak bəyannamələri alınmalıdır:
“Beləliklə, vəzifəyə gələndə və gedəndə əmlakları bəlli olacaq. Çünki indiki vəziyyətdə bəzi icra başçıları “bir köynək, bir şalvarla” gəlir, gedəndə isə xəzinələri olur. Onlara çox yüngül cəzalar verilir. Onların əmlakı və korrupsiya ilə mənimsənilmiş vəsait əllərindən alınmalıdır. Mən deputat olanda büdcə sənədində korrupsiyadan mənimsənilən vəsaitlərin qaytarılması bəndinin salınmasını təklif etmişdim. Lakin həmin məsələ bu günə qədər həllini tapmayıb”.
Həmsöhbətimiz qeyd edib ki, ölkədə vəzifəsini düzgün icra etməyən icra başçıları, məmurlar və nazirlər nəzarətdə saxlanılmalıdır:
“Onların korrupsiya yolu ilə əldə etdikləri əmlakları əllərindən alınmalıdır. İcra başçılarının çoxu illərdir bu talançılığı edirlər. Hesablama Palatası və vergi strukturları mütəmadi şəkildə yoxlamalıdır. Nazirliklərin də çoxu eyni vəziyyətdədir.
Nazirlər Kabinetinin fəaliyyəti ilə bağlı da dəyişiklik olunmalıdır və bu strukturu Birinci vitse-prezidentə tapşırmaq mümkündür. Həmçinin, Naxçıvanda Ali Məclislə bağlı məsələyə də baxılmalıdır. Bu, Naxçıvanın muxtariyyətinə də təsir etməz”.
Elmir Mustafa
“Cebheinfo.az”
Açar sözlər:
Fərəc Quliyev icra başçıları
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.