BAKI, 31 oktyabr. TELEQRAF
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevin barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf-ın xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrlik etdiyi prosesdə şahid qismində Abdulla Ələsgərov ifadə verib.
O bildirib ki, özəl şirkətlərdən birində hüquqşünas işləyir, təqsirləndirilən Ramin Şükürovu tanıyıb: "Onu çoxdan tanıyıram, ailəvi dostuq etmişik. Mənim Nadir Sultanlı adında dostum varfdı, Polşada oxuyurdu. Həmin dövrdə Bakıya gəlmişdi, bununla bağlı yığıncaq təşkil etmişdik. Yığıncaqda Nadir mənə dedi ki, burada az vaxtı var, geri qayıtmalıdır.
O, səfərbərliyə çağırıldığını, həmçinin ürəyində problem olduğunu söylədi. Burada vaxtı az olduğu üçünxəstəliyi ilə bağlı sənədinin qəbul edilməməsindən narahat idi. Məndən bu məsələnin düzəlməsi üçün adam təşkil etməyimi istədi. Mən də Ramin Şükürova müraciət etdim, dostum Nadirə kömək istədim. Həmin dövrdə Ramin Şükürov Xəzər rayonunda işləyirdi. Amma Nadir Nərimanov şöbəsindən çağırılırdl.
Bu söhbətdən bir neçə gün sonra Ramin Şükürov mənimlə əlaqə saxladı, Nadir Sultanlının işini həll olunması üçün maliyyə lazım olduğunu söylədi. Nadir Sultanlı məsələnin həlli üçün mənə pul verdi. Mən də pulu Ramin Şükürova çatdırdım".
Şahid daha sonra ifadəsində göstərib ki, digər dostu Əhməd Əhmədzadənin də əsgərlik məsələsi olub və bu məsələni də Ramin Şükürovla danışıb: "Əhməd mənim yaxın dostumdur. O, da xaricdə təhsil alıb, ürəyində problemlər var idi. Amma səfərbərliyə çağırıldığı üçün narahat idi. Hesab edirdi ki, işində nəsə problemlər yarana bilər. Məndən bu məsələnin həlli üçün adam tapmaq istədi. Mən də Ramin Şükürov ilə yaxın olduğum üçün ona müraciət etdim. O da bu məsələnin həll olunması üçün pul istədi. Amma konkret detallar yadımda qalmayıb.
Mən Ramin Şükürovun dedikləri Əhməd Əhmədzadəyə demişəm. O da mənə müəyyən məbləğ verdi, mən də Ramin Şükürova çatdırdım".
Sorğu-sual zamanı şahid deyib ki, dəqiq yadında qalmasa da, Nadir Sultanlıdan 27 min manat alaraq Ramin Şükürova çatdırıb. Amma Ramin Şükürovun vəkillər deyiblər ki, zərərçəkmiş Nadir Sultanlı Ramin Şükürova çatdırılması üçün Abdulla Ələsgərova 30 min dollar verib. Şahid bu faktı təsdiqləyib və deyib ki, 27 min manat məbləğində pulun çatdırılması üçün təxmini məbləğ deyib. Onun sözlərinə görə, vaxtdan uzun müddət keçib və dəqiq vəsaiti xatırlamır.
Ramin Şükürovun vəkili Muxtar Mustafayev şahidə "Çağırışçıların hərbi xidmətdən yayınması üçün çox işlərmi görübsüz" sualını ünvanlayıb. Şahid isə belə çoxsaylı iş görmədiyini, iki dostuna kömək üçün Ramin Şükürova müraciət etdiyini söyləyib.
Vəkilin "Ramin Şükürov belə işlərin görülməsi üçün sizə hansısa vəd vermişdimi" sualına şahid "xeyr" cavabı verib. Bu zaman vəkil şahiddən Ramin Şükürov əvvəllər ona çağırışçıların məsələsinin həlli üçün vəd verməyibsə, nə üçün birbaşa ona müraciət etməsini soruşub. Şahid isə bu suallara cavab olaraq Ramin Şükürovu tanıdığı üçün ona müraciət etdiyi söyləyib.
Ramin Şükürova aid olmayan rayon şöbəsində çağırışçılarla bağlı ona müraciət etməsi ilə bağlı suallara şahid cavabda deyib: "Onlar hamısı eyni sistemdə işləyirlər. Ona gərə də Ramin Şükürova müraciət etmişəm".
Vəkillərin sual-cavabından aydın olub ki, şahidin anası Tibb Universitetində, atası isə Səfərbərlik xidmətinin Abşeron rayon şöbəsində işləyir.
Təqsirləndirilən Ramin Şükürov şahidin ifadəsinə münasibət bildirib. O deyib ki, Abdulla Ələsgərovun atası ilə eyni idarədə işləyiblər. O, şahidin dediklərinin hamısının yalan olduğunu bildirib: "Hər iki işlə bağlı Abdulla mənə müraciət edib. Mən də onlara qaydaları izah etmişəm. Xəstə olduqları üçün komissiyadan keçmələri üçün məsləhət görmüşəm. Aramızda pul söhbəti olmayıb".
Daha sonra hakim elan edib ki, iş üzrə bir şahid qalıb, o da Cəlil Bəhramzadədir. Hakim deyib ki, həmin şahid hazırda işğaldan azad olunmuş ərazilərdə xidmət edir və işi ilə əlaqədar məhkəməyə gələ bilmədiyi barədə məktub yazıb.
Hakimlər heyətinin qərarı ilə Cəlil Bəhramzadənin ifadəsi elan edilib. O, istintaqa verdiyi ifadəsində göstərib ki, 2019-2022-ci illərdə Səfərbərlik xidmətində zabit rütbəsində xidmət edib. Araz adlı tanışının vasitəsi ilə tanıdığı Mehralı Paşayevin hərbi çağırış məsələsini həll edib: "Araz adlı tanışım mənimlə əlaqə saxladı, bir nəfər tanışının yarasız hərbi bilet almaq istədiyini söylədi. Mən də Arazın yanında Ramin Şükürovla əlaqə saxladım. Telefonun səsini ucaldan etdim ki, danışığımızı Araz da eşitsin. Ramin Şükürov bu məsələnin həlli üçün 6 min manat vəsait lazım olduğunu bildirdi.
Mən həmin şəxsin kasıb olduğunu, puldan aşağı düşməsini istədim. Amma Ramin Şükürov bir manat da aşağı düşməyəcəyini söylədi. Bu məsələdən sonra pul çatdırıldı, məsələ həll olundu".
Ramin Şükürov izahatında bu şahidin dediklərinin yalan olduğunu deyib.
Növbəti proses noyabrın 5-də davam edəcək.
İttihama görə, Ramin Şükürovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi vəzifəsində işləyərkən Xalid Əzimov və Emil Nəbiyevlə cinayət əlaqəsinə girib.
Onlar çağırışçıların dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilmələri barədə hərbi biletin verilməsi və hərbi qeydiyyata alınma prosesinin sürətləndirilməsi müqabilində ayrı-ayrı şəxslərdən külli miqdarda pul vəsaitini təkrarən rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Ramin Şükürovun öz qulluq mövqeyindən istifadə etməklə qeyd olunan Xidmətin Nərimanov rayon idarəsində hərbi qeydiyyatda olan vətəndaş Natiq Soltanovun dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməsinə kömək olunması ilə bağlı ondan 30 min manat pul alıb. Eyni əməllərlə çağırışçılar - Anar Rzayevdən 6 min, Əhməd Əhmədovdan 22 min, Orxan Baxşıyevdın 2 min, Fuad Rüstəmovdan 4 min manat rüşvət alınıb.
Toplanmış sübutlar əsasında Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham elan edilib.
Emil Nəbiyev və Xalid Əzimova isə Cinayət Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələri ilə ittiham elan olunub.
İstintaq dövründə Ramin Şükürovun barəsində həbs, Emil Nəbiyev və Xalid Əzimovun barəsində isə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.
Daha sonra isə bu ilin sentyabrın 1-də Bakı Hərbi Məhkəməsi tərəfindən Ramin Şükürov ev dustaqlığına buraxılıb.