AZ

İnam –XƏRÇƏNG xəstəliyinin görünməz dərmanı

Xərçənglə mübarizə təkcə tibbi proses deyil — bu, insanın ruhunda baş verən ən dərin döyüşdür. Müalicə protokolları, dərmanlar və prosedurlar bədənin sağalmasına yönəldiyi kimi, inam və ümid də ruhun sağalmasına xidmət edir. Mən bu həqiqəti illər əvvəl öz həyat təcrübəmdə yaşadım.

Xalam qızı xərçənglə mübarizə aparırdı. Gürcüstanda müalicə alırdı, amma o zaman hələ öz diaqnozunu tam bilmirdi. Mən onu ziyarətə getdim. 

Həkimlərlə danışdım, hər şeyi öyrəndim, amma onun yanında ağlamalı deyildim. Həyatımda ilk dəfə idi ki, göz yaşlarımı udaraq gülümsəyirdim.. Bu necə də çətin idi… O, mənim üzümə baxıb orada ümidsizlik görməməli idi. Mən ona yalnız bir şey ötürməli idim – İNAMI.

Həmin gün ona dedim: “Sən sağalacaqsan. Sənin saçların yenidən uzanacaq. Sən evlənəcəksən, ana olacaqsan.” Bu cümlələri sadəcə təsəlli üçün demirdim. Mən həqiqətən inanırdım ki, o sağalacaq. O isə mənim gözlərimdə ümid axtarırdı və tapmışdı… İllər sonra o inamın necə gerçəyə çevrildiyini gördük: o, bu gün ailəsi və övladı olan bir xoşbəxt qadındır. Uzun saçlarını gördükcə isə mən o gün dediyim sözləri xatırlayırm: “Sən sağalacaqsan.”

Bəli, elmi tədqiqatlar da bunu təsdiqləyir. Müsbət inanclar kortizol (stress hormonu) səviyyəsini azaldır, serotonin və endorfin ifrazını artırır. Yəni, ruh sakitləşdikcə, bədən daha güclü mübarizə aparır. Harvard və Stanford universitetlərində aparılan tədqiqatlar da sübut edir ki, sosial dəstək və pozitiv emosiyalar xərçəng xəstələrinin həyat keyfiyyətini və sağ qalma ehtimalını artırır.

Xərçənglə mübarizə yalnız kimyaterapiya ilə deyil – inanmaq, sevmək, ümid etmək kimi görünməz amillərlə də qazanılır.

Bəzən ən güclü dərman, bir insanın digərinə dediyi sadə, amma sarsılmaz cümlə olur:
“Sən sağalacaqsan.”

Oktyabr ayı — “Çəhrayı Oktyabr” — ümid, maarifləndirmə və xatırlatma ayı kimi yadda qaldı. Amma bu ayın mesajı təkcə bir rənglə bağlı deyil. Bu, insanın insana ötürdüyü enerjidir.

Çünki biz bir-birimizə inam ötürə biliriksə, demək, güclüyük. Bəli, inanmaq özü bir qalibiyyətdir.

Psixoloq Lalə Natiq

385242

Seçilən
12
hit.az

1Mənbələr