Yağışlı günlər artıq başlayır, yollar su ilə dolur və sürətlə hərəkət edən avtomobillər asanlıqla piyadalara və digər nəqliyyat vasitələrinə su sıçradır. Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Elvin Hacıyev bildirib ki, yağışlı havalarda avtomobillərin hərəkəti zamanı su və ya palçığın bilərəkdən piyadalara və ya digər nəqliyyat vasitələrinə sıçradılması inzibati məsuliyyət yaradır və bu qayda pozuntusuna görə sürücülər 40 manat məbləğində cərimə olunur.
Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirdi ki, elə yerlər var ki, sürücülər məcburən ordan keçməli olur. Onun sözlərinə görə, amma elə yerlər də var ki, insanlar bilərəkdən digər şəxslərin üstünə su sıçradır və bəzən vətəndaşlar bununla bağlı 102 xidmətinə müraciət edirlər:

"Cəriməyə baxmayaraq, belə hallara rast gəlmək mümkündür. Məsələnin həm mənəvi, həm də hüquqi tərəfi var. Hüquqi tərəfi ondan ibarətdir ki, bu qanunla tənzimlənir və aidiyyəti qurum tərəfindən vətəndaşların narazılığı əsasında cərimələr tətbiq olunacaq. Mənəvi tərəfi isə odur ki, təsəvvür edin, biz yolda gedirik, nəqliyyat vasitəsi yanımızdan keçir və biz təzə paltardayıq, iş paltarındayıq, işə gedirik və ya məktəbdən gəlirik, məktəbə gedirik. Bu vəziyyət nə qədər real və xoşdursa, o qədər də narahatedicidir. Bəzən isə hər hansı bir çuxurdan, yamaqdan keçən zaman su sıçrayır. Belə hallarda məsələ ortaya çıxır və qarşılıqlı əlaqələr yaranır. Təəssüf ki, bu hallar tez-tez tərs mütənasib olur: üstünə su sıçrayan adam şikayət edəcək, bəzən dava da baş verəcək. Xatırlayıram ki, əvvəlki vaxtlarda bir neçə dəfə kütləvi dava da olmuşdu. Düzdür, belə hallarda mədəni insanlar saxlayıb, bilmədən etdikdə üzr istəyirlər. Amma bəzi hallarda isə insanlar istəmədən, arxadan və ya digər nəqliyyat vasitəsi ilə gedərək həmin şəxsi saxladır, dava edir, söz-söhbət yaranır və s.", - deyə müsahibimiz yekunlaşdırdı.
Nuriyyə NATİQQIZI